×
A
A
A
Sazlamalar

“Qanlı göl” ətrafında həyata keçiriləcək layihə növbəti dəfə müzakirə olunub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Dövlət Ekoloji Ekspertiza Agentliyində “Qanlı göl” ətrafında həyata keçiriləcək layihənin növbəti müzakirəsi aparılıb.
AZƏRTAC xəbər verir ki, müzakirədə çıxış edən agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun sözlərinə görə, layihənin müzakirəsinin geniş şəkildə həyata keçirilməsi, müqayisəli təhlillərin aparılması, ekspertlərin fikirləri həm layihənin uğurla icrasına, həm də gölün ekoloji vəziyyətinin daha da yaxşılaşmasına imkan verəcək: “Qanlı göl”ün reabilitasiyasından danışırıqsa, çirklənmə mənbələri, keçmişdə gölün qida mənbəyi, ətraf mühitinin necə olması, gölün ətrafında əkilən ağacların iqlim şəraitinə münasibliyi araşdırılmalıdır. Göl çirklənibsə, dib çöküntülərinin monitorinqi aparılmalıdır. Lazım olan tələblər, standartlar üzrə layihə ortaya qoyularsa, hər bir detalın müzakirəsi aparılmalı və hərtərəfli danışıqlar olmalıdır".
“Kristal Bakı” ASC-nin “Qanlı göl” ətrafında böyük bir layihəyə başladığını qeyd edən layihənin müəllifi, şirkətin direktoru İbrahim Dostuməliyev bildirib ki, paytaxtın Yasamal rayonunda 27 hektar ərazidə böyük bir yenidənqurma işləri əsasında yaşayış kompleksinin inşası planlaşdırılır. Bununla yanaşı, “Qanlı göl” ətrafında 32 hektar ərazi və şamlıq zonadan ibarət 6 hektarlıq park layihələndirilib. Layihə yeni, müasir standartlara cavab verən park layihələri əsasında işlənilib.
Sonra landşaft memarı Başak Taş Özdemir layihənin təqdimatını edib.
Çıxış edən digər mütəxəssislər layihənin icrası zamanı gölün estetik görkəminin pozulmaması, gölün su balansının tənzimlənməsi, bütün ekoloji tələblərə riayət olunmasının zəruriliyini qeyd ediblər.

Ekologiya 2023-02-23 17:31:00