×
A
A
A
Sazlamalar

İtaliya Senatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Roma, 23 fevral, AZƏRTAC

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar İtaliya Senatında “Xocalı faciəsindən 31 il sonra barışıq və sülh quruculuğu naminə ədalətin əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Sant’Aqata konfransda açılış nitqi ilə çıxış edərək 31 il əvvəl törədilmiş Xocalı faciəsinin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən biri olduğunu vurğulayıb. 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli Bəyanatın imzalandığını və bu sənədlə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Senator C.Terzi Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalı ilə bağlı 2010-cu il 22 aprel tarixli qərarını səsləndirərək beynəlxalq hüquq və ədalət naminə Xocalı faciəsinin yad olunmasının vacibliyini qeyd edib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tarix boyu Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olduğunu bildirib, xalqımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayıb. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş amansız soyqırımı zamanı 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın valideynlərindən birini itirdiyini, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü bildirib.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illərdə görülmüş işlər və Xocalı həqiqətlərinin yayılması istiqamətində atılan addımlardan bəhs edib.
İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini bildirib. Daha sonra 2020-ci ildə İtaliya Senatında başlanmış “Barışıq üçün etiraf et” təşəbbüsünün davam etdiyini, bu xüsusda insan hüquqları təşkilatlarının və parlamentarilərin üzvlüyünə açıq olduğunu bildirib.
Konfransda senator Salvatore Sallemi çıxış edərək Xocalı faciəsinin Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti olduğunu qeyd edib. Senator Xocalı şəhərində Ermənistan tərəfindən dinc əhaliyə, o cümlədən körpə uşaqlara, qadınlara qarşı törədilən vəhşiliklərdən dəhşətə gəldiyini bildirib və bu cür cinayətlərin yenidən yaşanmaması üçün Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Emanuel Farruccia isə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsindəki təcrübəsini paylaşıb, bu 30 il ərzində danışıqların heç bir nəticə vermədiyini və Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın öz doğma yurd-yuvalarından didərgin düşdüyünü konfrans iştirakçılarının diqqətinə çatdırıb. E.Farruccia Xocalı faciəsinin inkar edilməsinin qeyri-mümkün olduğunu vurğulayaraq Ermənistanın sabiq prezidenti olmuş Serj Sarkisyanın Xocalı faciəsində törətdikləri vəhşiliklərlə bağlı etiraflarının hələ də unudulmadığını bildirib. Diplomat Xocalı qətliamının Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu söyləyərək daha sonra bu qətliamın Şuşa və digər Azərbaycan şəhərlərində də davam etdirildiyini diqqətə çatdırıb. O, cinayətkarların cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması təcrübəsi olduğunu xatırladıb.
Xocalı soyqırımının acı nəticələri barədə ətraflı məlumatlar verilən konfrans İtaliya Senatının rəsmi televiziyası və yutub kanalı vasitəsilə canlı yayımlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2023-02-23 15:38:00

Video