×
A
A
A
Sazlamalar

Vəsilə Əhmədova: Yetişməkdə olan gənc nəsil Xocalı soyqırımını heç vaxt unutmamalıdır

Bakı, 23 fevral, AZƏRTAC

Bu gün biz Xocalı soyqırımından danışarkən qan yaddaşımızı heç vaxt unutmamalıyıq. Bunu hazırda yetişməkdə olan gənc nəslə, o cümlədən şagirdlərimizə də öyrədirik ki, əsrlər ötsə də, ermənilərin xalqımızın övladlarının başına gətirdikləri bu müsibətləri daim xatırlasınlar. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən terror aktı idi. Çünki minlərlə insanımız orada qəddarcasına qətlə yetirildi. Biz müəllimlərin yeganə məqsədi ondan ibarətdir ki, gənclərimiz bu faciəni yaddan çıxarmasınlar.
Bunu AZƏRTAC–a məxsusi açıqlamasında Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı Xətai rayonundakı “Ana fəryadı” abidəsini müdiriyyət başda olmaqla müəllim kollektivi ilə birlikdə ziyarət edən Elm və Təhsil Nazirliyinin tabeliyindəki 2 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin teatr dərnəyinin rəhbəri Vəsilə Əhmədova söyləyib.
Xocalı soyqırımını ürək ağrısı ilə xatırlatdıqlarını vurğulayan Vəsilə Əhmədova deyib: “Erməni qəsbkarlarının uşaqlarımıza, gənclərimizə, qocalarımıza, ümumiyyətlə, xalqımıza qarşı etdiyi bu zülmü heç vaxt unutmamalıyıq. Bu tarix qəlbimizdə əbədi olaraq yaşayıb, yaşayır və bundan sonra da yaşayacaq. Vətənpərvərlik ruhunda tərbiyə olunan indiki gənclərimizə, şagirdlərimizə müəllim kimi bizim tövsiyəmiz odur ki, xalqımıza qarşı törədilmiş bu faciənin qurbanlarının xatirəsini hər zaman yad etsinlər. Bizdən sonra gələn nəsillər də, özlərindən sonrakılara həmin tarixi hadisələr barədə həqiqətləri ötürsünlər və çatdırsınlar”.
“Dərnəkdə uşaqlar qan yaddaşımızla bağlı müxtəlif mövzularda məlumat veririk. Eləcə də Xocalı faciəsi ilə də bağlı tədbirlər hazırlayırıq. Şagirdlərimiz səhnəyə çıxaraq 1992-ci ildə yaşanmış məşəqqətli hadisələri sanki o günləri özləri görmüş kimi təsəvvür edirlər. Uşaqlarımıza vətənpərvərlik hissələrini qürurla aşılayırıq”, - deyə Vəsilə Əhmədova sözlərinə əlavə edib.

Cəmiyyət 2023-02-23 13:40:00