×
A
A
A
Sazlamalar

“Ermənilər valideynlərimi gözlərimin qarşısında qətlə yetirdilər...” - Xocalı faciəsinin şahidi VİDEO

Gəncə, 23 fevral, Elcan Məmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-i saat 22-23 radələrində ermənilər hər tərəfdən zirehli texnikalarla Xocalıya hücuma keçdilər. Evləri yandırır, qarşılarına çıxanları körpə, qadın, yaşlı demədən vəhşicəsinə qətlə yetirirdilər. Mən, atam, anam, əmim və qonşularımız gizləndiyimiz evin zirzəmisindən çıxaraq Qarqar çayına doğru qaçmağa başladıq. Elə müsibətimiz də burada başlandı...
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Xocalı faciəsinin şahidi, həmin gecə hər iki valideyni həlak olan Şahin Əzimov söyləyib.
Şahin Əzimov 1974-cü il oktyabrın 18-də Xocalı rayonunun Ballıca kəndində anadan olub. Orta təhsilini də elə burada alıb. Ailədə iki bacı, beş qardaş olublar. Ermənilər Əzimovlar ailəsinin Ballıcadakı evini yandırdıqdan sonra ailə 1988-ci ildə Xocalıya köçmək məcburiyyətində qalıb. Şahin Xocalıda çörək sexində işləyib. O, soyqırımı zamanı hər iki valideyni şəhid olan 25 uşaqdan biridir.


“Həmin vaxt bacı və qardaşlarım işləri ilə bağlı Xocalıda deyildilər. Mən çörək sexində işləyirdim və 25-i günü çətin şəraitdə çörək bişirib camaata paylamışdıq. Xocalıya ermənilərin hücumu başlayanda qaçıb Qarqar çayına gəldik. Xeyli adam əliyalın orada toplaşmışdı. Düşünürdük ki, bir müddət sonra geri qayıdacağıq. Bilməzdik ki, ermənilər Xocalını məhv etmək üçün plan hazırlayıb. Meşə yolu ilə Ağdam istiqamətinə irəlilədik. Qaraqayada bizi pusquya saldılar. Ermənilər atam və anamı gözlərimin qarşısında güllələyib qətlə yetirdilər. Altı yaşında əmimin nəvəsi, əmim oğlu, sinif yoldaşlarım, uşaqlıq dostlarım və məktəb yoldaşlarım gözümün qarşısında öldürüldülər”, - deyə Xocalı faciəsinin şahidi o dəhşətli günləri xatırlayır.

O, valideynlərini yerli sakinlərin köməyi ilə Ağdamda dəfn edib. Ötən illər ərzində ən böyük arzusu isə ata-anasının qəbrini ziyarət etmək olub. Bu arzusuna şanlı Ordumuzun Qələbəsindən sonra çatıb: “2021-ci il fevralın 10-u Ağdama getdim. Valideynlərimin qəbirlərini ziyarət etdim. Ermənilər qəbirlərimizi də dağıtmışdılar. Allah Ali Baş Komandanımız İlham Əliyevi, Azərbaycan Ordusunu qorusun! Onların sayəsində valideynlərimin qəbirlərini ziyarət etdim. İnaniram ki, gün gələcək Xocalını da, oradakı evimizi də ziyarət edəcəyəm”.


Xocalı soyqırımı: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.
İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

Regionlar 2023-02-23 12:07:46

Video