Xocalı şəhidlərinin ailə üzvü: Bu dərdi çəkmək çox çətindir…
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı qətliamı ilə əlaqədar ən çox nümayiş olunan mərhum telejurnalist Çingiz Mustafayevin ürək ağrısı və sızıltı ilə təqdim etdiyi kadrlar var. Həmin kadrlarda qar üstündə qətlə yetirilən məsum görkəmli günahsız azyaşlı qızın ürəkparçalayan şəkli var.
- O qız qardaşım qızı 4 yaşlı Lalədir, - deyə Xocalı sakini Tacirə Xəlilova AZƏRTAC-ın müxbirinə söhbət açır. “Lalə çox şirin, hamının sevimlisi olan bir uşaq idi. Mənə elə gəlir ki, ən daşürəkli adam da həmin şəklə biganə qala bilməz. Həmin gecə qulaqbatıran atəş səsləri altında qardaşımgil evdən çıxaraq soyuq qış gecəsində Qarqar çayını keçərək Naxçıvanik istiqamətində şumluqla yol gediblər. Sakinlərin dediyinə görə, gecə saat 4-5 arası yaxınlıqdan keçən UAZ markalı maşında olan ermənilər onları görüblər. Səhəri gün gözlərini qan tutmuş erməni quldurları qarlı çöllərdən keçib canlarını qurtarmaq istəyən Xocalı sakinlərini avtomatla gülləbaran ediblər. Lalənin atası Tahir, anası Zərifə qətlə yetirilsə də, özü təsadüfən sağ qalıb. Həmin ərazinin yaxınlığındakı təpənin arxasında gizlənən sakinlər onu görüblər. O, ətrafda gülləbaran edilmiş adamların üstündəki pal-paltarı gətirib anası Zərifənin üstünü örtürmüş. Təpənin arxasından ona nə qədər əl etsələr, nə qədər çağırsalar da, anasını qoyub onlara tərəf gəlməyib. Sonra onun sağ olduğunu görən quldurların bu günahsız körpəyə atəş açmağa da əli gəlib...”.
Hadisədən üç ay əvvəl - 1991-ci ilin noyabrında Tacirənin həyat yoldaşı Rəşid onu iki körpə uşağı ilə birlikdə Bərdə rayonunun Yeni həyat kəndində yaşayan bacısıgilə aparıb. O, həmin gecənin şahidlərindən eşitdiklərini danışır: “Atamgilin evi Qaladərəsi məhəlləsində qoşa bulağın yanında idi. Həmişə deyirdi ki, ermənilər Xocalıya hücum etsələr, evimizə od vurub çıxacağam. Hətta butulkaya benzin doldurub hazır vəziyyətdə qoymuşdu. Lakin gecə hücum o qədər gözlənilməz və qəfil başlayıb ki, bunu etməyə də imkan olmayıb. Hər tərəfdən qulaqbatırıcı atəş, atışma səsləri eşidən ailə üzvləri doğma yurdu tərk edərək Dəhraz kəndinə doğru üz tutublar. Atam Qaçay, anam Həsrət, qayınatam Hüseyn, qaynanam Zinyət, qardaşım Tahir, həyat yoldaşı Zərifə, qızları Həmayil, Lalə və Xəyalə camaatla birlikdə xilas yolu axtarmağa başlayıblar. Qardaşımın 23 günlük körpə qızı Xəyalə də anasının qucağında olub. Yolda anası süd verəndən sonra mənim anam uşağı şalla belinə şəlləyib. 6 yaşlı Həmayil isə atasının əlindən tutaraq gəlirmiş. Qulaq tutulan atəş səslərindən, dəhşətli gecədə baş verən qəfil hücumdan özünü itirən şəhər sakinləri qarlı düzlərə səpələnərək pərən-pərən düşüblər. Gecəni yol gəlib şumluğa çıxandan sonra erməni vandallarının hədəfinə tuş gəliblər. Qardaşım Tahirə dörd güllə dəyib. Onların arxasınca yaralı halda Yunus, Dilbər xala və oğlu Vaqif gəlirmiş. Onlar Tahirə kömək edib özləri ilə aparmaq istəsələr də, razı olmayıb. Qardaşım onlardan qızı Həmayili aparmağı xahiş edib. Hadisənin şahidləri danışırlar ki, ata ilə balanın həmin ayrılıq səhnəsi çox dəhşətli idi...”.
Onun kədər dolu xatirələri həmin günləri bir daha göz önündə canlandırır: “Anam deyirdi ki, 2 kişi, 10 qadın olmaqla 4 saat kolluqda, suyun içində qaldıq. Bizdə irəlidə gedən 70-dən çox adamı ermənilər girov götürmüşdülər. Uşaq ağlayanda bizimlə birlikdə kolluqda gizlənənlər narahat olublar ki, onun səsi bizim yerimizi ermənilərə duyuq salacaq. Hətta onu boğub öldürməyi təklif edənlər olub. Anam uşağın bələyini açaraq, onu yenidən bələyib. Bundan sonra uşaq səsini kəsib. Oradan çıxandan sonra çöllərə-düzlərə səpələnmiş meyitləri ayaqlaya-ayaqlaya çox böyük çətinliklə Ağdama gəlib çıxıblar”.
Tacirə Xəlilova Xocalı Hava Limanının mühafizə xidmətində işləyən həyat yoldaşı Rəşid Hüseynovun başına gələnləri də danışıb: “Xocalıya hücum başlananda o, işdən evə qayıdaraq silah-sursatını götürüb ki, camaatın müdafiəsinə kömək etsin. Ümumiyyətlə, aeroportun rəisi Əlif Hacıyevin rəhbərlik etdiyi həmin dəstə ermənilərin hücumunun qarşısını alaraq onları ləngitməklə camaatın xeyli hissənin şəhərdən çıxmasına yardımçı olub. Onlar meşə yolu ilə şəhəri tərk edən qadınlara, qocalara və uşaqlara kömək edə-edə xeyli sakinin şəhərdən çıxmasına kömək ediblər. Rəşid meşə ilə gələrkən anası qətlə yetirilmiş, atasının güllə yarası aldığı 6 yaşlı Samir adlı bir uşaqla rastlaşıb və onu belinə alaraq özü ilə gətirməyə cəhd edib. Lakin Qaraqayada BTR-dən açılan atəş onun sinəsindən dəyib, uşağın kürəyindən çıxıb. Hər ikisi şəhid olub”.
Bunlar ailənin itkilərinin heç də hamısı deyil. Tacirənin bibisi oğlu Hidayət Eyvazov şəhid olub, əmisi oğlu Cavan 16 yaşında itkin düşüb. Onun qardaşı Tahirin qayınatası Zəkara, qaynanası Şura, qayınları Taleh, Əkbər və onların övladları Samir və Sevinc, bacanağı Novruz, onun oğlu Mahir həmin gecə şəhid olublar.
“Əlbəttə, bu dərdi çəkmək də, onu daşımaq da çətindir. O boyda ailədən indi sağ qalan mən, mənim və qardaşım Tahirin övladlarıdır. 6 yaşlı nəvəm babası Rəşidin adını daşıyır. Qızım Azadənin isə iki övladı var. Tahirin qızları Həmayil və Xəyaləyə Ramanıda valideynlərini itirdiklərinə görə ev veriblər, hərəsinin iki övladı var. Əslində onlar elə mənim nəvələrimdir, babaları yox, nənələri yox...”, - deyə Tacirə Xəlilova köks ötürür.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb