×
A
A
A
Sazlamalar

Çilə suyu və ya dondurma suyunun taxıl sahələri üçün faydaları VİDEO

İmişli, 23 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Bu il İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Hazırda çıxış əldə olunan sahələrə çilə suyu verilir.
AZƏRTAC-ın bölgə müxbiri fermerlərlə söhbət edib, çilə suyunun faydaları ilə maraqlanıb.
Taxılçılıqda əsas şərtlərdən biri də sahələrin vaxtında və optimal müddətdə suvarılmasdır. Həmçinin yüksək məhsul əldə etmək üçün yemləmə gübrələrindən aqrotexniki qaydalara uyğun istifadə edilməsidir. Elə bu məqsədlə İmişlidə fermerlər taxılın inkişafında, eyni zamanda, ziyanvericilərə qarşı mübarizədə mühüm amil olan çilə suyunun sahələrə verilməsi ilə məşğuldurlar.
Belə fermerlərdən biri də İmdad Məhərrəmovdur. 40 hektara yaxın taxıl sahəsi olan fermer deyir ki, çilə suyu və ya dondurma suyu adlandırılan suvarmanın yanvar-fevral aylarında aparılması təsadüfi deyil. Havalar soyuduqca torpaq qatında olan ziyanvericlər də dərinliklərə doğru hərəkət edir. Suvarma zamanı isə ziyanvericilərin açdıqları oyuqlar su ilə dolur və onlar zərərsizləşir. Bundan başqa, çilə suyu gələcəkdə yüksək məhsuldarlığa da yol açır.
Fermerlər yüksək məhsul əldə etmək üçün növbəli əkinə də üstünlük verirlər. Bunun üçün əvvəlki illərdə əkdikləri pambıq sahələrini taxıl sahələri ilə əvəzləyirlər.
Uzun illərdir taxılçılıqla məşğul olan fermer Kazım Babayev də taxıl sahəsindən yüksək məhsul əldə etmək üçün çilə suyundan istifadə edir. Bildirir ki, çilə suyu taxıl sahələrinin mühafizəsi ilə bərabər, həm də bar suyu rolunu oynayır. “Əkdiyimiz taxıl sahələrindən yüksək məhsul gözləyirik və yanvar ayının axırından başlayaraq 15 hektar sahədə çilə suyu aparmışıq. Digər sahələrimizi də vaxtında suvarmağa çalışırıq. Çünki çilə suyunun vaxtında aparılması gələcəkdə ikiqat məhsul əldə etməyə imkan verir”, - deyə o vurğulayıb.
İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sabit Səmədov bildirib ki, cari ilin məhsulu üçün rayonda 17986 hektara yaxın sahədə taxıl əkini aparılıb. Bunun 7036 hektarı arpa, 10949 hektarı isə buğdanın payına düşüb. Hazırda taxıl sahələrində birinci vegetasiya suvarması davam etdirilir və 930 hektar sahə suvarılıb. Suvarma ilə bərabər, həm də sahələrə yemləmə gübrələri verilir.

Kənd təsərrüfatı 2023-02-23 11:03:06

Video