×
A
A
A
Sazlamalar

Ombudsman Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından AZƏRTAC-a verilən xəbərə görə, bəyanatda deyilir: “Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi, sakinləri soyqırımına məruz qaldı.
Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını da yer üzündən silmək idi.
Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilmişdir. Nəticədə 613 nəfər, o cümlədən onlardan 106 qadın, 63 uşaq və 70 ahıl şəxs xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür, onlardan 150 nəfərin taleyi isə naməlumdur. Soyqırımı zamanı öldürülənlərdən 56 nəfəri ağlasığmaz şəkildə xüsusi qəddarlıqla qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, onlara dəhşətli işgəncələr verilmişdir.
Etnik təmizləmə və nifrət zəminində törədilən Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər müharibə cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud və kütləvi surətdə pozulmuşdur.
Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəaları ciddi şəkildə pozulmuşdur.
Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.
Hazırda da Ermənistanın davamlı olaraq həyata keçirdiyi terror siyasəti, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımıza minaların basdırılması və bunun nəticəsində mülki şəxslərin həlak olması və ya ağır yaralanması ilə bağlı məlumatların dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atmağa davam edir.
Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir”.
Qeyd edək ki, bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Sosial 2023-02-23 10:49:00