×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: “Xocalı faciəsini, şahidi olduğum o dəhşətləri xatırlamaq olduqca çətindir

Ağdam, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və əsgərlərinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalı sakinləri şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Keçmiş döyüşçü - Ağdam rayonu Qaradağlı kənd sakini Hacı Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 31 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb: “Xocalı faciəsini, şahidi olduğum o dəhşətləri xatırlamaq mənim üçün olduqca çətindir. O dövrdə hələ nizami ordu yox idi. Biz Ağdamda könüllü olaraq yaranan batalyonların tərkibində mübarizə aparır, döyüşürdük. Fevralın 25-dən 26-na keçən gecə bizə məlumat verildi ki, ermənilər Xocalıda qırğın törədiblər. Həmin gecə Şelli istiqamətində Qarqarçayın kənarı ilə xocalılılara köməyə yollandıq. Çox şaxtalı hava idi. Qadınlar, uşaqlar, qocalar o soyuqda ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarmağa çalışırdılar. Həmin gecə gücümüz çatan qədər yaralıları Ağdam xəstəxanasına, meyitləri məscidə gətirdik. O günləri bir daha xatırlamaq çox ağırdır. Dinc sakinləri işgəncə ilə öldürmüşdülər. İnsanların başı, sifəti parçalanmışdı, gözləri çıxarılmışdı... İnsan da insana o işgəncəni edə bilərmi?! Bu vəhşilik ancaq ermənilərə məxsusdur”, - deyən Hacı Əliyev həmin dəhşətli günləri unuda bilmədiyini söyləyir.

Regionlar 2023-02-23 10:48:56