Xorvatiyadakı diplomatımız Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı çağırış edib
Zaqreb, 22 fevral, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqrebdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək çoxlu sayda mülki əhalini, əsasən də uşaq və qadınları qətlə yetirdiyini diqqətə çatdırıb. Səfir Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən danışaraq, soydaşlarımızın xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirdiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat, xalqımıza qarşı etnik təmizləmə siyasətinin Ermənistanın dövlət siyasətinə çevrildiyini, soyqırımı haqqında beynəlxalq konvensiyaya uyğun olaraq bu cinayətləri törədənlərin məsuliyyətə cəlb olunması üçün bütün ölkələrin və beynəlxalq strukturların öz səylərini birləşdirərək zəruri tədbirlər görməyə çağırıb.
Səfir hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib. O, Xocalı soyqırımını törədən bütün cinayətkarların öz cəzalarını alacağına ümidini ifadə edib.
Tədbirdə Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran, Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi, Azərbaycanın Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun məsul üzvləri Kreşevan Antun Duymoviç və Matea Rokniç, Zaqreb Universitetinin Hüquq fakültəsinin professoru Maja Munivrana, Bakı Multikulturalizm Mərkəzinin xorvatiyalı nümayəndəsi İmran Srebrenikoviç, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Rosana Svetiç çıxış edərək Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər. Natiqlər, Xocalı soyqırımı ilə yanaşı, baş vermiş digər soyqırımı cinayətlərindən də nəticə çıxarılmasını, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınmasını, siyasi və hüquqi qiymətləndirilmənin yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib və “Xocalıya ədalət!” kampaniyası tərəfindən nəşr olunmuş bukletlər tədbir iştirakçılarına təqdim olunub.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO