×
A
A
A
Sazlamalar

BƏƏ mediası: Əmirliklər Azərbaycanın əsas enerji tərəfdaşıdır

Bakı, 22 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) informasiya agentlikləri və portalları bu ölkənin Azərbaycanla enerji tərəfdaşlığı barədə geniş material dərc ediblər.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun BƏƏ-nin rəsmi WAM informasiya agentliyinə müsahibəsindən sitatlar yer alıb. Materiallarda diqqətə çatdırılıb ki, azərbaycanlı nazir Əmirliklərin Azərbaycanda yaşıl enerji layihələrinə töhfəsindən bəhs edib. O qeyd edib ki, Əbu-Dabi İnkişaf Fondunun sərmayə qoyduğu “Cənub Elektrik Stansiyası” ölkənin əsas infrastruktur obyektlərindən biridir və 780 meqavat (MW) istehsal gücünə malikdir.
Məqalələrdə P.Şahbazova istinadla bildirilib ki, Azərbaycan BƏƏ-nin “Masdar” şirkəti, Əbu-Dabi Gələcək Enerji Kompaniyası ilə elektrik enerjisi sahəsində bir neçə mühüm investisiya sazişləri imzalayıb.
Paytaxt Bakının təxminən 70 kilometrliyində yerləşən Qaradağ Günəş Elektrik Stansiyası 110 milyon kubmetr qaza qənaət etmək imkanı verəcək. Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq. “Nazir “Masdar” şirkəti vasitəsilə BƏƏ ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və qeyd edib ki, hər iki tərəf 4000 MVt elektrik enerjisi istehsalı üzrə böyük layihənin başlanmasına dair saziş imzalayıb. Onun birinci mərhələsi quruda günəş elektrik stansiyası və gücü 2000 MVt olan dəniz külək elektrik stansiyasına əlavə olaraq, 1 giqavat (GW) istehsal gücünə malik külək elektrik stansiyasıdır.
Materiallarda vurğulanıb ki, Azərbaycan BƏƏ-də keçiriləcək COP-28 iqlim konfransının bərpa olunan enerji mənbələrindən daha geniş istifadə olunmasına töhfə verəcəyinə inanır. İki dost ölkənin hökumətləri bu məsələdə daha sıx əməkdaşlıq edəcəklər. Azərbaycan 2044-cü ilədək karbon qazı emissiyasını 40 faiz azaltmaq niyyətindədir və BƏƏ ilə birlikdə yaşıl enerji istehsalı zonası yaradacaq.

Energetika 2023-02-22 20:12:00