×
A
A
A
Sazlamalar

Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri davam edir

Bakı, 22 fevral, AZƏRTAC
Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanıb. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, parkın ərazisinin yaşıl örtüyü yenilənir, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir. İlk növbədə Xocalı abidəsinin ətrafı və onun yerləşdiyi Xocalı prospektindəki park-xiyabanda çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılıb. Belə ki, ilboyu abidə ziyarətlər olur, istər şəhərimizin qonaqları, istər insanlar mütəmadi olaraq ziyarət edirlər. Ona görə park- xiyaban daim Xətai Rayon İcra Hakimiyyətinin diqqətindədir. Hazırda Xocalı soyqırımı ilə əlaqədar olaraq hazırlıq işləri davam edir. Həm işıq dirəkləri, oturacaqlar, söhbətgahlar, həm də səkilərdəki məhəccərlər yenidən rənglənir. Bu ərazidə hər il bir dekorativ formada mövsümi güllər əkilir. Güllərin əkilməsi də özünəməxsusluq tələb edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıqlar barədə danışıb.

Şöbə müdiri bildirib ki, parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı parkına gələn Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfizadə və digər küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir. Ərazidə fevralın 26-na qədər 50 mindən artıq mövsümi güllər və dekorativ kolların əkilməsi planlaşdırılır. Ümumiyyətlə, Xocalı abidəsi yerləşən ərazi mütəmadi olaraq Xətai Rayon İcra Hakimiyyətinin nəzarətindədir.


Hər il olduğu kimi yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilməsi nəzərdə tutulur.
Pənah İmanovun sözlərinə görə, hər il fevralın 26-da minlərlə insan “Ana fəryadı” abidəsini ziyarət edir. Buranı nəinki vətəndaşlarımız, eləcə də xarici qonaqlar, müxtəlif diplomatik korpusun nümayəndələri ziyarət edirlər.
Bu il fevralın ortalarından etibarən isə insanların ziyarətləri başlayıb. Həmçinin müxtəlif idarə və müəssisələrdən, məktəblərdən də bu abidəni ziyarət edirlər. Biz də işimizi elə qurmağa çalışırıq ki, insanların ziyarətinə maneçilik törətməyək.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. 

Cəmiyyət 2023-02-22 17:15:00