×
A
A
A
Sazlamalar

Əsirlərin qızıl dişlərini adi kəlbətinlə çıxarırdılar... – Faciə şahidi danışır

Bakı, 22 fevral, AZƏRTAC

1992-ci ilin 25 fevralı - o müdhiş, tarixdə misli görünməmiş faciə gecəsində saat 22:30 radələrində hər tərəfi dəhşətli gurultu bürüdü. Ermənilər 366-cı rus motoatıcı alayının hesabına hər tərəfdən Xocalını mühasirəyə alıb, şəhəri tanklarla atəşə tutmağa başladılar. Şəhər od tutub yanırdı. Batalyonumuzun əli avtomatlı döyüşçüləri texnikaların qarşısında nə qədər cəsarətlə dayansalar da düşmənin qat-qat artıq olan qüvvə və müasir texnikası qarşısında geri çəkilməyə məcbur oldular. Getdikcə mühasirə dairəsi daraldı, ermənilər rus alayının döyüşçüləri ilə şəhərin daxilinə soxuldular. Artıq şəhid olanlarımız və yaralananlarımızın sayı-hesabı yox idi. Belə bir dəhşətli anda mən soyuqqanlılıqla hərəkət edərək yaralılara əlimdən gələn köməyi göstərirdim və bəlkə də neçə-neçə yaralımız mənim ilk tibbi yardımım hesabına sağ qaldılar. Ona görə də dəfələrlə onların həyata qayıtmalarının səbəbkarıyam. O dəhşətli faciənin bütün əzab-əziyyətlərinə bir həkim olaraq şahid olmuşam. Əsirlikdə qalmağım, hətta üç gün müddətində əzab-əziyyət çəkərək kamerada saxlanmağım və cəzalar almağım xalqımı öz canımdan da çox istəməyimdən irəli gəlib.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Xocalı sakini, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Məmməd Nağıyev söyləyib.
Məmməd həkim bu taleyüklü günü acı xatirələrlə yada salır: “Hətta deyə bilərəm ki, bu faciə bir an olsa belə ağlımdan çıxmır. O dəhşətli günlərdə - fevralın 25-dən 26-na keçən gecə saat təxminən 4 radələrində buz kimi Qarqar çayını keçib şəhərə üz tutduq. Biz 150 nəfər olardıq. Çox dəhşətli günlər idi, sanki Allahın da bizə qəzəbi tutmuşdu. Soyuq bıçaq kimi kəsirdi. Əli-ayağı yalın adamların çoxu donmuş və ya taqətdən düşmüşdü. Erməni cəlladları isə meşədə bütün yolları kəsmiş, camaata qarşı hər cür vəhşiliklər edirdilər, alçaqcasına qocaya, cavana, qadına, uşağa, hamilə qadınlara belə fərq qoymadan - hamıya atəş açırdılar. Ermənilər insanların çığırtısına, bağırtısına əhəmiyyət vermirdilər. Xocalıları son nəfərinə qədər öldürüb qurtarmaq istəyirdilər.
Çox əzab-əziyyətdən sonra fevral ayının 27-də Dəhrəz kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq, atışma başladı. Biz yaxınlıqdakı dərəyə doluşduq, buradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən qabaqda anası ilə gedən 10 yaşlı uşağı vurub yaraladılar. Mən uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilərin atdığı güllə başımdakı papağın dimdiyini deşib keçdi. Buna baxmayaraq bir az gözləyib yenidən uşağa doğru sürünüb onun yarasını sarıdım. Atəş artıq kəsilmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralandığımda iki nəfər avtomatlı məni gözləyirdi və deyirdilər ki, həkim gəl təslim ol. İstəsəm çıxıb gedə bilərdim, lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, qocanın əsir düşməsini və onların içərisində neçə-neçə yaralının, əl-ayağı donmuşların olduğunu nəzərə alıb, onları bu vəziyyətdə qoyub getməyə mənim mənəvi haqqımın olmadığını düşündüm. Ona görə də yaralı uşağı götürüb camaatın yanına qayıtdım”.
Əsirlikdə olarkən ağır yaralanmış 7 nəfərin qanaxmasını dayandırdığını vurğulayan soyqırımı şahidi deyib: “Biz əsir götürüldükdən sonra ermənilər bizi böyük bir otağa yığıb üstümüzdə olan bütün qiymətli şeyləri (pul, qızıl və sair), hətta ağızlarında qızıl dişləri olanların qızıl dişlərini belə adi kəlbətinlə çıxarıb ağlasığmaz əzab-əziyyətlər verirdilər. Biz əsir düşdükdən təxminən bir saat sonra beş-altı erməni dığası dəli kimi içəri daxil oldular. Onlardan birinin bizimkilər tərəfindən öldürüldüyünü bildirdilər və onun əvəzində içimizdən 13 nəfər seçib çıxardılar və onları güllələdilər. Bizim dəstədə olan türk oğlanın - Əhmədin başını kəsib futbol topu kimi oynatmağa başladılar. İki nəfər erməni içəri girib bizi saxladıqları otaqdan çıxardılar və avtomatın qundağı ilə vuraraq bizim dəstədə pulemyotun kimdə olduğunu soruşdular. Onun kimdə olduğunu bilmədiyimi dedikdə məni təpik və yumruqla döyməyə başladılar. Dedilər ki, 15 dəqiqədən sonra səni yenidən çıxarıb cavab istəyəcəyik, əgər deməsən başını kəsəcəyik. Təxminən 20 dəqiqədən sonra məni yenidən içəridən çıxarıb cavab verməyimi tələb etdilər. Yenidən “bilmirəm, həkim adamam, doğrudan bilmirəm” dedim. Onlar isə dəli kimi məni yenə avtomatın qundağı ilə vurub yerə yıxdılar. Cibindən iri bıçağı çıxaran erməni sinəmə çökdü, başımı kəsmək istədi. Bu an bir maşın onlara yaxınlaşdı, içərisindən iki nəfər mülki geyimli adam yerə düşüb onlara nə dedisə, məni yerdən qaldırıb camaatımızın içərisinə qaytardılar. Sonradan öyrəndik ki, həmin iki nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi imiş. Mənim sağ qalmağıma səbəb o iki nəfər oldu. Dilə gətirə bilməyəcəyim dərəcədə əzab-əziyyətlərdən sonra bizi dəyişib əsirlikdən azad etdilər”.
Qeyd edək ki, Xocalı soyqırımının bütün dəhşətlərinə canlı şahidlik edən, öz doğma torpaqlarına, xalqına bu qədər bağlı, doğma torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan, xalqımızın o ağır günlərində, istər Xocalı faciəsinə qədərki dövrdə, istər soyqırımı vaxtı, hətta əsirlik günlərində, istərsə də Milli Ordudakı xidməti dövründə tibbi xidmətin təşkil edilməsində və göstərilməsində xüsusi xidmətləri olmuş yüzdən artıq yaralıya yerindəcə tibbi yardım göstərib, onları yenidən həyata qaytarmış həkim Məmməd Nağıyev uzun illər Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş hakimi kimi öz doğma xocalılılarına xidmət edib.

Xocalı faciəsi 2023-02-22 15:28:00