×
A
A
A
Sazlamalar

Cənub bölgəsinin sakinlərində böyrək daşı xəstəliyinə daha çox rast gəlinir

Bakı, 22 fevral, AZƏRTAC

Bəzi xəstəliklər insanların yaşadığı bölgə və həmin ərazinin iqlimi ilə bağlıdır. Böyrəkdə daşların yaranması Azərbaycanın cənub bölgəsində daha çox rast gəlinən haldır.
AZƏRTAC Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, bunu ATU-nun Urologiya kafedrasının dosenti Rəşad Məmmədov deyib.
R.Məmmədovun sözlərinə görə, böyrək daşının yaranması xəstənin yaşından asılı deyil: “Praktikamızda əməliyyat etdiyimiz ən kiçik xəstəmizin 2, ən yaşlısının isə 92 yaşı olub. Bu problem bəzən xəstənin yaşadığı bölgədən asılıdır. Məsələn, böyrək daşlarına cənub bölgəsinin sakinlərində daha çox rast gəlinir. Bu, müəyyən irsi və metabolik xəstəliklərlə də bağlı ola bilir”.
Böyrəkdəki daşların tərkibinə görə də fərqləndiyini bildirən mütəxəssis: “Böyrək daşları tərkibinə görə həm infeksion, həm də oksalat olur. Azərbaycanda rentgen neqativ (urat) daşlara da kifayət qədər çox rast gəlinir. Bu isə azərbaycanlıların menyusunda ət yeməklərinin çox olması ilə əlaqədardır. Böyrək daşlarının perkutan üsulla çıxarılması əməliyyatında əsas risk qanaxma ilə bağlıdır. Çünki böyrəkdən bir dəqiqə ərzində bir litrə qədər qan keçir”, - deyə bildirib.

Səhiyyə 2023-02-22 15:18:00