×
A
A
A
Sazlamalar

22 Fevral Ümumdünya Ensefalitlə Mübarizə Günüdür

Bakı, 22 fevral, AZƏRTAC

22 Fevral Ümumdünya Ensefalitlə Mübarizə Günü ensefalit xəstəliyinin ölümcül təhlükəsi barədə maarifləndirmə və mümkün qədər yeni halların qarşısını almaq üçün 2013-cü ildə Ensefalit Cəmiyyətinin təşəbbüsü ilə təsis edilib.
AZƏRTAC Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, bunu ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri, dosent Aygün Musayeva deyib.
A.Musayevanın sözlərinə görə, ensefalit əsasən beyin maddəsinin iltihabı ilə xarakterizə olunan xəstəlikdir: “Hazırda ensefalit yalnız yoluxucu deyil, eyni zamanda beynin infeksion-allergik, allergik və toksiki zədələnməsi hesab edilir. Ensefalitin səbəbləri müxtəlifdir. Xəstəliyin yaranmasına gənə ensefaliti, herpetik, koksaki virusu səbəb olur. Ensefalit yoluxucu xəstəliklərin ağırlaşması hesab olunur”.
Həkim qeyd edib ki, ensefalitin klinik təzahürlərinin şiddəti və onların gedişi fərqli ola bilər: “İnkubasiya müddəti 2-3 gündən bir neçə həftəyə qədər dəyişə bilər. İştahanın azalması, yorğunluq, hərarət kimi əlamətlər müşahidə edilir. Bu da xəstəliyin başlanğıcında temperaturun kəskin artması fonunda yaranır. Eyni zamanda qusma, qıcolmalar, yuxululuq, huşun pozulması kimi simptomlar qeyd oluna bilər. Əzələ zəifliyi, hissiyyat və koordinasiyanın pozulması, çəpgözlük, baxışın iflici, ikigörmə, eşitmə və görmə qüsurları, psixi problemlərin inkişafı da mümkündür. Ağır hallarda isə ölümlə nəticələnə bilən ürək və tənəffüs problemləri yaranır”.
Ensefalitin hazırda ən çox yayılan növlərindən danışan mütəxəssis deyib: “Ensefalitin meydana gəlməsinin səbəbi gənə dişlədikdə qan dövranına daxil olan və mərkəzi sinir sisteminin hüceyrələrinə nüfuz edərək onlarda ciddi dəyişikliklər yaranmasına səbəb olan virusdur. Gənə ensefalitinin ocaqları mülayim iqlim qurşağında, Qərbi Avropanın əksər hissəsini əhatə edən və Şərqdən Sakit Okeana qədər uzanan meşə və meşə-çöl rayonlarında geniş yayılıb. Xəstəlik qızdırma, intoksikasiya, sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur və iflicin inkişafına gətirib çıxarır. Ensefalitin sağalması üçün müəyyən qədər vaxt lazımdır. Ölüm tezliyi isə spesifik patogendən və epidemik vəziyyətdən asılıdır. Ensefalitin sağalma tezliyi xəstəliyin vaxtında diaqnozu və müalicə taktikası ilə bağlıdır. Problemin ağırlaşmaları mərkəzi sinir sisteminin ocaqlı zədələnmələri nəticəsində yarana bilər. Bunlar davamlı hərəki, hissi, psixi problemlər və qıcolma sindromudur. Gənə ensefalitindən qorunmaqda ən təsirli vasitə isə endemik ərazilərdə yaşayanların və bu bölgələrə səyahət edən insanların peyvənd olunmasıdır”.

Səhiyyə 2023-02-22 13:58:00