×
A
A
A
Sazlamalar

Sabah Bakıya sulu qar yağacağı gözlənilir

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycanda fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısından başlayaraq arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, günün birinci yarısında 8°-dək isti, axşama doğru 0-3° isti olacaq.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət isə 65-75 faiz olacaq.
Gecə və səhər əsasən Azərbaycanın şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.

Ekologiya 2023-02-22 13:45:00