×
A
A
A
Sazlamalar

İTSDA QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qeyri-Hökumət Təşkilatlarını (QHT) “2023-cü il kiçik qrant müsabiqəsi”ndə iştirak etməyə dəvət edir. Builki müsabiqəyə 7 istiqamət üzrə layihələr qəbul edilir.
AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qrant müsabiqəsində əhalinin sağlamlığının qorunması ilə bağlı “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu da yer alıb.
Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində yaxından iştirak etməyə dəvət edib. O qeyd edib ki, sözügedən mövzuda müsabiqədə iştirak edəcək QHT-lərə əhalinin əksər qruplarını əhatə edə bilmək üçün daha çox regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif açıq, qapalı məkanlarda maarifləndirici video və ya audioçarxların yayımını təşkil etmək, maarifləndirici materialların ünvanlı çatdırılmasını təmin etmək və digər bu kimi istiqamətlərdə tədbirlərin görülməsi tövsiyə olunur.
İcbari tibbi sığorta haqqında maarifləndirmə dedikdə, sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, xidmətlər zərfi, dövlət və özəl tibb müəssisələrinin sığortada iştirakı və digər bu istiqamətli mövzuların əhaliyə çatdırılması nəzərdə tutulur.
Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 15 min manatdır. Layihələr 2023-cü il noyabrın 15-də yekunlaşmaqla 6 aya qədər olan müddəti əhatə edə bilər.
Qeyd edilib ki, müsabiqə üzrə ərizələrin qəbulu 2023-cü il fevralın 16-dan 2023-cü il marın 10-u saat 18:00-a kimi elektron qaydada həyata keçirilir. Müsabiqə ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

 

Səhiyyə 2023-02-22 12:41:00