×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olması vacibdir

Kişineu, 22 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycan Konqresinin birgə təşkilatçılığı ilə Moldova Tarix Muzeyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun təmsilçiləri, Moldovada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri –Türkiyə, Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan səfirləri, bu ölkədəki yəhudi ictimai təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Moldova Tarix Muzeyinin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə tanış olublar.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra “Histogram #Khojaly” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından söz açıb, erməni quldurların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törətdikləri cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyini qeyd edib. Səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi, torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəticəsində xalqımızın başıuca gəzdiyini bildirib. Diplomat tədbirdə iştirak edən Moldova Azərbaycan Konqresinin gənc üzvlərini Xocalı soyqırımının Moldova Parlamentində tanınması istiqamətində təşəbbüskar olmağa çağırıb.
Sonra tədbirdə Moldova Respublikası Prezidenti Aparatının rəhbəri Andrey Spınu çıxış edib. O, dünyanın istənilən yerində işğalçı siyasətin yolverilməz olduğunu qeyd edib, Xocalı soyqırımına bənzər ağlasığmaz hadisələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Andrey Spınu Azərbaycana səfərlərini xatırlayaraq, ölkəmizdə şahidi olduğu hərtərəfli inkişafdan söz açıb, dövlətimizə dəstəyini ifadə edərək, Moldovanın Azərbaycanın kədərini bölüşdüyünü bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Mirkişili çıxışında Xocalı soyqırımının Birinci Qarabağ müharibəsində ən qanlı, ən irimiqyaslı faciə olduğunu vurğulayıb. O bunun Azərbaycan xalqının gözləmədiyi anda qonşu ermənilər tərəfindən qəddarcasına törədildiyini söyləyərək, Xocalı faciəsini yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət adlandırıb. Bu hadisələrin bir daha təkrarlanmaması üçün bütün ölkələrin Xocalı soyqırımını qınamalı olduğunu diqqətə çatdırıb.
Moldova Parlamentinin deputatı, Azərbaycan ilə Moldova parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən sədri Vitaliy Jakot çıxışında Xocalı soyqırımı törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb. “Bu ona görə lazımdır ki, bənzər dəhşətli hadisələr nə indi, nə də gələcəkdə təkrarlanmasın”, - deyə deputat qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədov çıxışında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbiri yüksək qiymətləndirərək, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində Fondun sistemli və ardıcıl fəaliyyətindən danışıb. O, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası vasitəsilə erməni millətçilərinin əsl simasını ifşa edən dəhşətli faktların beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb. Deputat Prezident İlham Əliyevin Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğunu deyib, regionda bütün xalqların marağında olan sülhün və əmin-amanlığın bərqərar olması üçün ölkəmiz tərəfindən həyata keçirilən siyasətdən söz açıb.
Moldovalı siyasi təhlilçi, politoloq Ruslan Şevçenko Xocalı soyqırımını törədən erməni cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.
Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması və bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə hər il Moldovada təşkil edilən tədbirlərdən söz açıb, gənc azərbaycanlıları öz faciəvi tarixini unutmamağa çağırıb.
Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Diaspor 2023-02-22 01:18:00