×
A
A
A
Sazlamalar

Məhəmməd Sələmə: Xocalı qırğını dünyanın vicdanına səslənir

Bakı, 21 fevral, AZƏRTAC
Misirin tanınmış yazıçısı və jurnalisti, Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında çoxlu sayda kitab və məqalələrin müəllifi Məhəmməd Sələmə öz ölkəsinin mətbuatında XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı barədə geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Xocalı qırğını dünyanın vicdanına səslənir” sərlövhəli məqalədə Azərbaycanda 1992-ci ilin fevralında erməni quldur dəstələri və silahlı birləşmələri tərəfindən Xocalının müdafiəsiz dinc əhalisinə qarşı törədilmiş qətliamın 31-ci ildönümünün qeyd olunacağı diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, dost Azərbaycan xalqı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Ermənistan üzərində Qələbənin və Qarabağ torpaqlarının işğaldan azad edilməsinin sevincini yaşayır. Azərbaycanlılar Qələbə sevincini və Xocalı şəhidlərinin qisası hisslərini yaşayır, öz şəhidlərini qürur və ehtiramla yad edirlər.
Məqalədə qeyd olunub ki, soyuqqanlı erməni vəhşiliyi ilə həyata keçirilən bu nadir faciə yüzlərlə uşağın, qocanın və qadının həlak olması, bütöv bir şəhərin yerlə-yeksan edilməsi ilə nəticələnib. Xocalı qətliamı mülki əhaliyə, qocalara, qadınlara və uşaqlara zərər verməmək, meyitləri təhqir etməmək qaydalarını tanıyan müharibə qaydalarını çeynəyərək, dünyada ikrah, qəzəb və qəddarlığın pislənməsinə səbəb olan ağır cinayətlərdən biridir. Xocalı şəhərində əlinə silah götürməyən dinc azərbaycanlılara qarşı erməni silahlı birləşmələri və quldur dəstələrinin bu əməlləri bütün dünya tərəfindən pislənilib, bu soyqırımı onların vəhşi xislətini üzə çıxarıb.
Müəllif diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinə Xocalı şəhərini ələ keçirmək üçün daha çox ermənilərdən ibarət olan keçmiş SSRİ-nin 366-cı alayı kömək edib. Həmin faciəli gecədən əvvəl şəhərdə sıxışıb qalan sakinlər sığınacaq tapmaq ümidi ilə evlərini tərk etməyə çalışıb, lakin işğalçılar Xocalını tamamilə yerlə-yeksan etdikdən, dinc əhaliyə qarşı bənzərsiz vəhşiliklə qətliam həyata keçirdikdən sonra bu plan baş tutmayıb. Həmin təcavüz nəticəsində 613 vətəndaş, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 1000 nəfər yaralanıb, 1275 sakin girov götürülüb. Bu günə kimi 150 Xocalı sakini itkin düşmüş hesab olunur. Müharibə cinayəti, soyqırımı və iyrənc irqçilik kimi qiymətləndirilən bu faciə bəşər tarixinin qara səhifələrindən biridir.
M.Sələmə yazıb ki, təcavüzün çirkinliyini göstərən xəbərlərə və şahid ifadələrinə görə, ermənilərin Xocalı qətliamının tükürpədici faktlarını gizlətmək cəhdlərinə və baş verənlərin dəhşətlərini ört-basdır etmək səylərinə baxmayaraq, şahidlərin, jurnalistlərin və xarici müxbirlərin ifadələri bizə Xocalının qəsdən hərbi təcavüzə məruz qaldığını və Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məhv edilməsi məqsədilə həyata keçirdiyi əməliyyat olduğunu göstərən tam məlumat və dəqiq təsviri təqdim edir. Xocalı soyqırımı Azərbaycan torpaqlarının işğalı və həmin ərazilərdə etnik təmizləmə, insanların qəlbinə qorxu toxumu əkmək, vahimə aşılamaq üçün törədilib. Bu vəhşi qırğında iştirak edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ifadəsi məsələyə tam aydınlıq gətirir və onun mahiyyətini üzə çıxarır: “Xocalıya qədər azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdülər və onlar hesab edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Amma biz bu stereotipi qıra bildik”.
Müəllif vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri müharibə dövründə humanitar qaydalara əməl edib. 2020-ci ildə 44 gün davam edən döyüşlər zamanı Azərbaycan əsgərləri əsir götürülən erməni hərbçiləri və mülki əhaliyə münasibətdə humanist davranıb, müharibə qaydalarına əməl ediblər. Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmış ermənilərə öz əşyalarını götürüb azad edilmiş əraziləri tərk etmək üçün vaxt və imkan verilib. Təəssüflər olsun ki, erməni barbarlığı təkcə etnik təmizləmə ilə məhdudlaşmayıb, Azərbaycan xalqına qarşı cinayətlər silsiləsinə daha biri əlavə olunub, işğal olunmuş ərazilərdəki tarixi mədəniyyət abidələri sistematik şəkildə dağıdılıb, məscidlər və İslam abidələri təhqir edilib və müqəddəs ibadət məkanları mal-qara üçün tövləyə çevrilib.
Məqalənin sonunda vurğulanıb: “Ordunu qələbəyə, Qarabağın və onun ətrafındakı digər rayonların azad edilməsinə aparan Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı Qarabağın ürəyi, yenidən qurulan Şuşa şəhərinin və erməni işğalından azad edilmiş rayonların əvvəlki simasını özünə qaytarır, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu ehtiramla yad edir. Torpağın azadlığı, ölkənin çiçəklənməsi naminə canlarını fəda etmiş qəhrəmanların ölməz xatirəsi Azərbaycan xalqı üçün əbədi bir məşəl olaraq qalacaqdır”.

Qan yaddaşı 2023-02-21 18:43:00