×
A
A
A
Sazlamalar

XX əsrin sonlarında azərbaycanlılara qarşı törədilmiş erməni cinayətləri

Xocalı, Malıbəyli, Quşçular, Ağdaban, Başlıbel, Ballıqaya, Qaradağlı faciələri

 

Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX əsrin sonlarında yenidən qızışdırılan Qarabağ münaqişəsi zəminində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələridir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, mövcud problemləri həll etməkdə böyük çətinliklərlə üzləşirdi. Ozamankı ölkə rəhbərliyi xalqın tələbinə baxmayaraq, milli ordunun yaradılmasına razı olmur, Qarabağda erməni təcavüzü ilə üz-üzə qalan kəndləri milis qüvvələrinin köməyi ilə müdafiə etməyə çalışırdı. 1991-ci ilin oktyabr-noyabr aylarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı söyləyib. O bildirib ki, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında helikopterin vurulması və 23 nəfərin, o cümlədən yüksəkvəzifəli şəxslərin həlak olması vəziyyəti daha da kəskinləşdirdi. Bundan sonra Azərbaycan Respublikası Ali Soveti noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi. Azərbaycanın ozamankı rəhbərliyinin Moskvadan asılı olması, müstəqil siyasət yürüdə bilməməsi və xalqdan ayrı düşməsi erməni separatçılarının əl-qolunu daha da açdı. Belə bir şəraitdə 1992-ci il fevralın 26-da ermənilər 366-cı rus alayının köməyi ilə Xocalı faciəsini törətdilər. Cinayətkarlar 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdilər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin “Xocalı Soyqırımı Günü haqqında” qərarından sonra bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında məqsədyönlü işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası 2008-ci ilin mayında fəaliyyətə başlayıb. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Xocalı soyqırımı ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində çoxlu işlər görülsə də, digər faciələr haqqında bunu etmək, çox təəssüf ki, hələ mümkün olmayıb. Bunlara misal olaraq Malıbəyli, Quşçular, Ağdaban, Başlıbel, Ballıqaya, Qaradağlı və digər faciələri göstərmək olar. Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə faciələrdən biri Xocavənd rayonu Qaradağlı kəndində törədilmiş faciədir. Xocalı faciəsindən 9 gün əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində erməni quldurları insanlığa sığmayan vəhşiliklər törədiblər. Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən asfalt yolun üstündə yerləşən və 800 evdən ibarət olan böyük bir Azərbaycan kəndi idi. Sovet hakimiyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı Azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilib, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz doğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşüblər. Düşmənin hərbi qüvvələri ilə qeyri–bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali təklənməsinə, köməksiz qalmasına baxmayaraq Vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müqavimət göstərib. Təxribatların 1988–ci ilin fevralından başladığını Tuğ, Saləkətin kəndlərinin 1991-ci ildə, Xocavəndin 1991-ci il noyabrın 19-da, Naxullunun 1992-ci il yanvarın 10-da, Qaradağlının 1992-ci il fevralın 17-də, Muğanlı, Əmirallar, Kuropatkinin 1992-ci il oktyabrın 2-də, Xətainin 1993-cü il avqustun 20-də, Günəşlinin 1993-cü il avqustun 23-də işğal olunması deyilənləri sübut edir.
1992-ci il fevralın 15-də səhər tezdən erməni hərbi birləşmələri hər tərəfdən Qaradağlı kəndi üzərinə hücuma keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu əsgərlər, rus zabitləri, 366-cı rus alayının əsgərləri iştirak edirdilər. Qaradağlı kəndi 120 nəfərlik könüllülər tərəfindən kənardan heç bir yardım olmadan qəhrəmancasına müdafiə olunurdu. Amansız döyüş fevralın 17-si gecə səhərə qədər davam etdi. Şahidlərin bildirdiyinə görə, Qaradağlının işğal edilməsi əməliyyatına və orada baş verən qətliamlara Ermənistanın sabiq prezidenti Robert Köçəryan rəhbərlik edib. Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin əsir götürülməsi, 42 ailənin başçısını itirməsi, 140 uşağın yetim qalması, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması göstərilir. Digər məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi bildirilir.
Xocalı və Qaradağlı soyqırımlarından sonra Ağdabanda qətliam törədildi. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər. Bir gecədə səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri odda yandırılıb, iki nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.
“Xocalı faciəsindən başqa digər erməni cinayətlərinin dünyaya lazımi səviyyədə çatdırılmamasının əsas səbəbi Qarabağda erməni cinayətlərinin həddən artıq çox olması və bu cinayətlərin əksəriyyəti haqqında informasiya qıtlığının mövcudluğudur. XX əsrin sonlarında azərbaycanlılara qarşı törədilən erməni cinayətləri barədə bundan sonra da tədqiqatların aparılmasına, yeni–yeni kitabların yazılmasına ciddi ehtiyac var. Bu tədqiqatlar ictimaiyyətə hələ də məlum olmayan çoxlu faktların, həqiqətlərin ortaya çıxmasına imkan verər”, - deyə M.Zülfüqarlı vurğulayıb.

Elm və təhsil 2023-02-21 17:17:00