Xocalı sakini: Xocalıdan olan elə ailə yoxdur ki, ən azı bir üzvünü itirməsin
Bakı, 21 fevral, AZƏRTAC
Xocalı çox gözəl şəhər idi, füsunkar təbiətə malik idi. Şəhərin ətrafından Qarqar çayı axırdı. Ermənilərin təcavüzünə qədər şəhər əhalisi çox yaxşı dolanırdı. 1992-ci il fevralın 26-da radioda Xocalıya hücum xəbəri verildi. Mənim yaxın qohumlarım o gecə qətlə yetirilmişdi. Bu gün də həmin faciə yuxuma girir. Xocalıdan olan elə ailə yoxdur ki, ən azı bir üzvünü itirməsin.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Xocalı sakini, o faciəli günlərdə çox sayda qohumlarını itirən Tacirə Xəlilova deyib.
Müsahibimiz həmin günü belə xatırlayır: “Ermənilər gecə şəhəri mühasirəyə almışdılar. Faciədən canını qurtara bilənlər Qarqar çayına tərəf qaçırdılar. Xocalı faciəsində bütün ailə üzvlərimiz bir-birini itirmişdilər. Heç kimin bir-birindən xəbəri yox idi. Anam deyirdi ki, mən kolluqda gizlənərkən ermənilərin səslərini eşidirdim. Onlar sağ qalan əliyalın əhalini öldürmək üçün məqam axtarırdılar. Atamdan heç bir xəbər tuta bilmədik. Onu ermənilər yaralı halda əsir götürmüşdülər. Qardaşım arxadan güllələnmişdi. Kənd sakinləri onun qızı Həmayili atasından güclə ayıraraq Ağdama aparmışdılar. Qardaşım isə səhərə yaxın aldığı yaralardan həyatını itirdi”.
Tacirə Xəlilova deyir ki, həyat yoldaşı Rəşid Xocalı aeroportunda polis işləyirdi. “Şəhəri ən sonda polislər tərk etmişdilər. Ağdama gələrkən Rəşid anası öldürülmüş, atası isə yaralanmış bir uşaq görür. Uşağı da götürərək Ağdama çatmağa çalışsa da, ermənilərin açdığı atəş nəticəsində həlak olub. Anam bütün həyatını bu dərdlə yaşadı. Ancaq buna yaşamaq demək olmazdı. Çünki qohumlarını itirməklə barışa bilmirdi.
Bir çox ermənilər həmin hadisələrin olacağından xəbərdar idilər. Ancaq evimizə gəlib-gedən, çörəyimizi yeyən, süfrəmizin başında oturan ermənilər bu barədə heç birimizə məlumat verməmişdilər”, - deyə o qeyd edib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO