“Zaqatala AGRO Industry” MMC bu il 420 hektar sahədə tütün əkəcək
Zaqatala, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Qax və Şəki rayonlarında tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari mövsümdə şirkət tərəfindən Şəki rayonunda 210 hektar, Zaqatalada 157,5 və Qax rayonunda 52,5 hektar olmaqla, ümumilikdə 420 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün əkini ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək Zaqatala və Qax rayonlarında 15 fermerlə müqavilə bağlanılıb. Şəki rayonunda isə tütün əkini şirkətin öz işçiləri tərəfindən həyata keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri müəssisənin istixana təsərrüfatında olub, tütün şitillərinin yetişdirilməsi işlərinin gedişi ilə maraqlanıb.
İstehsalat rəisi Asif Paşayev bildirib ki, fermerləri tütün şitilləri ilə təmin etmək üçün müəssisənin özündə ümumi sahəsi 12 min kvadratmetrdən çox olan 48 ədəd istixana quraşdırılıb. Onlardan 20 ədədi kiçik, 28-i isə böyük ölçülüdür. Kiçik istixanaların hər biri 6,5 hektar, böyük ölçülü istixanaların hər biri isə 13 hektar sahəni tütün şitili ilə təmin edəcək. Tütün toxumları ABŞ-dan gətirilib. İstixanalarda yetişdiriləcək şitillər aprelin 20-dən etibarən sahələrə köçürüləcək.
Aqronom Nazim Hüşənovun verdiyi məlumata görə, hazırda istixanada tütün toxumunun əkini prosesi gedir. Toxum Pribaltikadan gətirilmiş torfla qatışdırılaraq plastik lotokların içərisinə yerləşdirilir. Hər lotoka 350-dək toxum qoyulur. Lotoklar bir neçə gündən sonra istixanaların içərisindəki su hövzəsinə buraxılacaq. Su hövzəsinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Tütün şitilləri 40-45 gün ərzində yetişir və daha sonra sahələrə köçürülür.
Müəssisədən verilən məlumata görə, 2022-ci ildə tütünqurutma məntəqəsində 311 ton quru tütün istehsal olunub. Rusiya şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, ötən ilin sonunadək bu ölkənin bazarlarına 60 ton quru tütün ixrac olunub və proses hazırda da davam etdirilir. Belə ki, bu ilin əvvəlində Rusiya şirkətlərinə 145 ton quru tütün göndərilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb