×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı - xalqımızın unutmayacağı faciə

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından otuz bir il ötür. Erməni faşizminin iç üzünü dünyaya açıb göstərən bu qanlı hadisə, təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib. O bildirib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Təkcə bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən günahsız insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi bu qətliamın soyqırımı olduğunu təsdiqləyir. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edərək dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb. Məhz bu istiqamətdə aparılan genişmiqyaslı məlumatlandırma işinin nəticəsində artıq dünya ictimaiyyəti bu faciənin soyqırımı olmasını qəbul edir. Belə ki, Xocalı soyqırımı beynəlxalq hüquq normalar müstəvisində tanınıb. ABŞ-nin iyirmidən artıq ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.
“Bu gün qürurla deyə bilərəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəsi terrorçu ermənilərə onların unutmayacaqları dərs oldu. Müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir”,- deyə P. Muradov vurğulayıb.

Elm və təhsil 2023-02-21 12:32:00