Səriyyə Müslümqızı: Mən yaşamağı seçdim...
Bakı, 21 fevral, AZƏRTAC
Xocalıda həmin gecə kim sağ qalıbsa, bu, yalnız Allah-Təalanın lütfü və möcüzə nəticəsində mümkün olub. Bu, ilahi qüvvə tərəfindən bizə bəxş olunan ikinci həyatdır. Amma bir həqiqəti deyəcəm: o vaxtı ölməyib sağ qalanların hamısı yaşadıqları, sağ qaldıqları üçün peşman idilər. Şəxsən mən öz adımdan deyirəm ki, həmin o dəhşətli faciədən sonra dəfələrlə öz-özümə dedim ki, kaş, mən sağ qalmayaydım...
Fevral ayında doğulmuşam, anam da fevralda dünyaya gəlmişdi. Amma indi fevral mənim üçün təqvimin ən qara ayıdır. Aradan illər keçməsinə baxmayaraq, fevral gecəsinin sazağını, şaxtasını indi də canımda hiss edirəm...
Bunu AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının şahidi, o hadisələrdən bəhs edən 21 kitabın və 6 sənədli filmin müəllifi olan Səriyyə Müslümqızı deyib.
Xocalıda dünyaya göz açan Səriyyə Xankəndi Pedaqoji Universitetini bitirib, orta məktəbdə müəllim işləyib. 90-cı illərdən sonra müxbirlik fəaliyyəti ilə məşğul olub. “Xocalının səsi”, “Səhər” və digər mətbuat orqanlarında çalışıb. 15 ilə yaxındır ki, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədridir. Türkiyədə, Almaniyada Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə əlaqədar müxtəlif tədbirlərin təşkilatçısı olub. Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda beynəlxalq tədbirin, Qarabağın işğalına qarşı Avstriyada və Bosniya-Herseqovinada keçirilən beynəlxalq konfransların iştirakçısıdır.
Onun qələmə aldığı kitabların adları da diqqət çəkir: “Faciəyə gedən yol”, “Xocalı yaşayır”, “Onlar heç vaxt böyüməyəcəklər”, “Xocalı ölməyib”, “Xocalıdan gələn var”, “Ölümdən o yandakı Xocalı”, “Xocalı uşaqları, qan içində qar çiçəyi”, “Dünya susmasın gərək”, “Sonda ümid ölür”, “Kəfəndən biçilən gəlinlik paltarı”... Bu kitabların çoxu bir neçə dildə çap edilib, “Onlar heç vaxt böyüməyəcəklər” kitabı isə türk, rus, ingilis, alman, ərəb, macar və malay dillərinə tərcümə olunub.
Səriyyəyə qulaq asmaq, onun ağrılı-acılı, faciəli həyat hekayəsini eşitmək özü də çətindir: “Bir gecədə uşaqlığımı, gəncliyimi keçirdiyim doğma yurdumu, evimi, ailəmi, mənə dünya qədər əziz olan isti ocağımı itirdim. Təsəvvür etmək çətindir ki, mənim keçmişim, gəncliyim, Xocalıdakı keçirdiyim günlərin yadigarı olan bircə şəklim də yoxdur. Ən dəhşətlisi isə odur ki, həmin gecədə anamı, üç əmim oğlunu itirdim. Xocalıda ən böyük itkini verən bizim nəsil olub, nəslimizdən 49 nəfər həmin gecə qətlə yetirilib. Xocalıda həlak olan 63 nəfər uşaqdan 19-u, 70 qocadan 20-si mənim ən yaxın qohumum idi.
Çıxarılması mümkün olmayan meyitlərin hamısı Xocalıda, ətraf kəndlərdəki meşələrdə qaldı. İndi Xocalıda axtarış aparılsa, bəlkə də nə qədər kütləvi məzarlıqlar üzə çıxar. Tam əminliklə deyirəm ki, Xocalının içində də xeyli kütləvi məzarlıqlar var.
Faciə qurbanlarının meyitləri Ağdam məscidində yuyata götürülürdü. Orada hər gün ağlaşma, vay-şivən ərşə qalxırdı. Ora gətirilən meyitlər elə dəhşətli və tanınmaz vəziyyətdə olurdu ki, adamın baxmağa ürəyi gəlmirdi. Anamı axtaranda bir neçə meyitin üzünü açıb baxmışdım, mənə çox sarsıdıcı təsir etmişdi. Bu dərəcədə, bu miqyasda vəhşilik olar? Qətlə yetirilənlərin çoxu yandırılaraq tanınmaz hala salınmış, gözləri çıxarılmış, başlarının dərisi soyulmuşdu. Anamın meyitini 23 gün sonra tapa bildim. O faciədən sonra qətlə yetirilənlərin meyitlərini götürmək üçün iki-üç gün atəşkəs elan etdilər.
Sonuncu dəfə Xocalıdan 63 meyit gətirdilər, ondan sonra icazə vermədilər. Anamı axırıncı dəfə gətirilən həmin meyitlərin içərisində tapdım. Güllə kürəyindən dəyib ürəyindən çıxmışdı. Məni ən çox göynədən səbəblərdən biri də o idi ki, anamın qətlə yetirildiyi Qaraqaya ilə aramızda çox az məsafə olub. Amma mən nə onun harayına yetə bilmişəm, nə əlim çatmayıb, nə də bundan xəbərim olmayıb. Onun əyninə geyindiyi paltarı indi də son yadigar kimi saxlayırıq...”.
Müsahibimiz yazdığı kitablar barədə danışarkən dedi: “Yazdıqlarım mənə çox ağrı verir. Hər şeyi təzədən xatırlamalı, təzədən həmin günlərə qayıtmalı oluram. Sadəcə olaraq, mən bunları yazmağa məcburam. Əsasən sənədli xronika janrında yazıram. 1992-ci ildə işıq üzü görən “Qar üstünə qan yağır” adlanan ilk kitabım həm faciəni əks etdirir, həm də ona gətirib çıxaran səbəblərdən bəhs edir. Kitab 200 min tirajla çap olundu və satışdan əldə olunan gəlirin hamısını uşaq evlərinə köçürdüm, çünki Xocalıdan nə qədər yetim uşaq var idi.
Xocalıdan sonrakı otuz ildə qələmə aldığım kitabların hamısında Qarabağ və Xocalı hadisələrindən bəhs olunur. “Onlar heç vaxt böyüməyəcək” kitabım Xocalıdan olan 63 uşaqdan bəhs edən sənədli xroniki əsərdir. Onu yazmaq, kitabda haqqında bəhs olunan uşaqları tapmaq üçün uzun illər sərf etmişəm. Bundan başqa, 106 qadının taleyindən bəhs edən “Xocalıdan gələn var” kitabım çap olunub. Həmin kitabda təkcə Xocalı qadınlarından deyil, Qarabağ hadisələrinin iştirakçısı olan qadınlardan da bəhs etmişəm. Bu cür kitabları yazmaq çətindir. Çünki aradan çox vaxt keçib. Hadisə şahidlərini tapmaq, onları danışdırmaq asan olmur”.
Səriyyə yenidən soyqırımı xatırlayaraq deyir: “Məgər indi quldarlıq dövrü, feodalizm zəmanəsidir? Günahsız insanlara, dilsiz-ağızsız, məsum körpəyə, yaşlı qoca və qadına belə zülm etmək olar? XX əsrin 92-ci ilində insanı diri-diri ağaca bağlayıb yandırırlar, başını kəsirlər, dişlərini çıxarırlar, gözlərini oyurlar, diri-diri torpağa basdırırlar, üstünə benzin töküb od vururlar. Bu, nə deməkdir, bu, nə vəhşilik, nə vandalizmdir? Axı bunu hara yazmaq olar ki, İkinci Dünya müharibəsində faşistlərin əlindən sağ qurtulanlar Xocalıda erməni cəlladları tərəfindən qətlə yetirildilər. Belə qəddarlıq, belə qaniçənlik olar?
O vaxtı ölmək çox asan, yaşamaq çətin idi. Mən yaşamağı seçdim. Düzünü deyim ki, mən bu kitabları yazmağa məcburam, çünki baş verən hadisələrin şahidiyəm, insanların, gələcək nəsillərin həmin faciədən xəbərdar olması üçün qələmə almalıyam. Hazırda yeni kitab və növbəti film üzərində işləyirəm. Nə qədər də canımda can, qolumda təpər var, nə qədər ki, əlim qələm tutur, bu faciənin dünyada tanıdılması, erməni təcavüzünün gerçək mənzərəsini yaratmaq üçün bu işi davam etdirəcəyəm...”.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb