×
A
A
A
Sazlamalar

Şəkidə tütünçü fermerlərlə müqavilələr bağlanılır

Şəki, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 1387 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Fermerlər builki mövsümdə 1000 hektaradək sahədə “Virciniya botaniki”, 380 hektardan çox sahədə isə digər növ tütün yetişdirməyi planlaşdırırlar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar bu günədək 126 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr hələlik 736 hektar təşkil edir. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən, ümumilikdə 67 min kvadratmetr sahədə sadə istixanaların hazırlanması nəzərdə tutulur. Hazırlanmış istixanalarda artıq toxum səpininə də başlanılıb. İstixanalarda yetişdiriləcək tütün şitillərinin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2023-02-20 16:01:11