×
A
A
A
Sazlamalar

Yerli üzüm sortlarının çoxaldılması istiqamətində tədqiqat işləri aparılır

Bakı, 20 fevral, AZƏRTAC

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən yerli üzüm sortlarının müasir üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin olunması məqsədilə elmi ekspedisiyalar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsində qiymətli üzüm sortlarının çoxaldılması vacibdir.
Azərbaycanın ən qədim, qiymətli texniki üzüm sortlarından biri olan “Mədrəsə” üzüm sortu – respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Mədrəsə sortunun məhsulu yüksəkkeyfiyyətli qırmızı süfrə şərablarının və desert tipli (kaqor) şərabların alınması üçün olduqca yararlıdır. Mədrəsə şərabının keyfiyyəti nəinki respublikamızda, hətta dünyada da məşhurdur. Qarşıda dayanan ən vacib məsələlərdən biri də, vaxtilə bu üzüm sortundan hazırlanan, “Şirvan”, “Çinar” “Mədrəsə”, “Mədrəsəli”, “Ərəbli kaqoru”, “Şamaxı kaqoru” şərablarını milli brend altında istehsal edib, əvvəlki şöhrətini özünə qaytarmaqdır.
Vaxtilə “Mədrəsə” sortunun respublikamızın ümumi üzüm bağlarında əkilib-becərilmə payı 17 faizə qədər təşkil edirdi ki, bu da 35 min hektar üzüm bağı demək idi. Bu sort respublikanın bütün üzümçülük rayonlarında əkilib-becərilirdi. Lakin, bioloji və genetik baxımdan təmiz “Mədrəsə” tənəkləri sortun vətəni olan İsmayıllı və Şamaxıda daha çoxluq təşkil edirdi. Hazırda İsmayıllı rayonunun İvanovka kəndində, köhnə üzüm bağlarında həmin sortdan ibarət tənəklər hələ də yetişdirilir. İnstitutun əməkdaşları tərəfindən həmin sahədə aprobasiya işləri aparılıb, keyfiyyətli əkin materialının tədarükü üçün tənəklər nişanlanıb. Bu il həmin sahədən aprobasiya olunmuş tənəklərdən əkin materialları ənənəvi və müasir üsullarla çoxaldılacaq. Sahədə qeydə alınan xarakterik tənəklərin molekulyar-genetik göstəriciləri müəyyən olunmaq məqsədilə Almaniyanın Üzümçülük İnstitutuna göndərilib. Aparılan analizlər nəticəsində sortun genetik profili müəyyən edilib və nəticələr VİVC məlumat bazasına yerləşdirilib.

Kənd təsərrüfatı 2023-02-20 14:14:16