×
A
A
A
Sazlamalar

“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir

Bakı, 20 fevral, AZƏRTAC

Respublikanın Cənub regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisisteminin dayanıqlığının və etibarlığının artırılması məqsədilə 71 il əvvəl tikildiyindən istismar müddətini çoxdan başa vuran 110/35/6 kilovoltluq “Salyan” yarımstansiyası “AzərEnerji” tərəfindən tam yenidən qurulur.
“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, sistem əhəmiyyətli “Salyan” yarımstansiyası Salyan, Neftçala və Biləsuvar rayonlarının böyük hissəsini elektrik enerjisi ilə təmin edir.
Yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu yenidən qurulur, ərazidə yeni rəqəmsal İdarəetmə Mərkəzi tikilir. Yerli SCADA, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunan İdarəetmə Mərkəzində rayonun perspektiv inkişafını nəzərə alınaraq 35 və 6 kilovoltluq Qapalı Paylayıcı Qurğularda ehtiyat yuvalar yaradılır.
“Salyan” yarımstansiyasının yenidən qurulması ilə qəzaların qarşısının alınmasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaq.

Energetika 2023-02-20 11:11:00