×
A
A
A
Sazlamalar

Asiya ölkələri 2025-ci ildə qlobal elektrik enerjisinin yarısını istehlak edəcək

Bakı, 18 fevral, AZƏRTAC

Asiya qitəsinin dünyada elektrik enerjisi istehlakında payı sürətlə artır. Artıq 2025-ci ildə bu regionun ölkələri qlobal elektrik enerjisinin yarısını istehlak edəcək. AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin fevral ayına olan hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, növbəti 3 il ərzində dünyada elektrik enerjisinə olan tələbatın 70 faizindən çoxu Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcək. Bununla yanaşı, bu tendensiya formalaşan bazar iqtisadiyyatı ölkələrində daha çox hiss ediləcək, inkişaf etmiş ölkələrdə isə kömür yanacağından asılılıq azalacaq.
Bütün bunların nəticəsində, proqnozlara görə, elektrik enerjisinə olan tələbat daha sürətli templərlə - ildə 3 faizə qədər artacaq, 2025-ci ildə ümumi artım isə təxminən 2 500 teravatt saat olacaq ki, bu da Yaponiyanın elektrik enerjisinə olan hazırkı tələbatından iki dəfə çoxdur.
Beynəlxalq Energetika Agentliyinin hesabatında qeyd olunur ki, bu transformasiyanın ən iri amili Çindir. Əgər 2000-ci ildə bu ölkə dünya elektrik enerjisinin cəmi 10 faizini istehlak edirdisə, proqnozlara görə, 2025-ci ildə bu rəqəm 33 faizə çatacaq. Son illər əhalinin artımında azalmaya baxmayaraq, Çində elektrik enerjisinə olan tələbatın artmasını şərtləndirən amillərdən ən əsası insanların rifahının yaxşılaşmasıdır.
Bu yüzilliyin ikinci yarısınadək Asiyanın digər böyük ölkələrində əhalinin sayının artacağı gözlənilir. Bu faktor, həmçinin həmin ölkələrdə iqtisadi artım templərinin sürətlənməsi gələcəkdə elektrik enerjisinə olan tələbatın daha da artması ilə nəticələnəcək. Eyni zamanda, proqnozlara görə, Avropa İttifaqında qaz hesabına istehsal olunan elektrik enerjisinin həcmi də azalacaq, amma Yaxın Şərq ölkələrində bu sahədəki güclü artım tempi bu azalmanı kompensasiya edəcək.
Beynəlxalq Energetika Agentliyinin məlumatında deyilir ki, 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 29 faizə, 2025-ci ildə isə 35 faizə çatacaq. Bu artım tempi təbii qaz və kömürdən hasil edilən elektrik enerjisinin generasiyasının həcmini azaldacaq.
Qlobal enerji böhranı şəraitində, habelə enerji təhlükəsizliyinin təmin edilməsi və elektrik enerjisi istehsalı prosesində karbon qazının emissiyasının həcminin azaldılması fonunda nüvə enerjisinə marağın daha da artacağı gözlənilir. Belə ki, 2023-2025-ci illərdə AES-lərdə istehsal olunacaq elektrik enerjisinin həcmi 2 faizdən 4 faizə qalxacaq. Bu artımın yarıdan çoxu Çin, Hindistan, Yaponiya və Koreyanın payına düşəcək. Sözügedən ölkələrin bu sahədə liderlik səyləri onların atom enerjisi istehsalını artırmaq hesabına qaz idxalı asılılığından qurtulmaq və enerji təhlükəsizliyini gücləndirmək hədəfləri ilə bağlıdır.
Bununla belə, hesabatda qeyd olunduğu kimi, 2023-2025-ci illərdə təbii qaz və kömür hesabına elektrik enerjisi istehsalının həcminin əvvəlki səviyyədə qalacağı gözlənilir. Lakin bu mənbələr hesabına elektrik enerjisi istehsalı templəri həmişə olduğu kimi, dünya iqtisadiyyatında dəyişikliklərdən, enerji sistemlərinin qlobal çağırışlara cavab vermə potensialından, yanacağa olan qiymətlərdən və dövlətlərin siyasətindən asılı olacaq.

Energetika 2023-02-18 16:26:00