×
A
A
A
Sazlamalar

Həkim resepti olmadan dərman istifadəsinin zərəri

Bakı, 18 fevral, AZƏRTAC

Həkim müayinəsindən keçmədən birbaşa apteklərdən müxtəlif iynə və dərman alanlar var. Başımız, dişimiz ağrıyanda həkimə müraciət etmədən ilk ünvan məhz yaxınlıqdakı apteklər olur. Bəzən hansısa dərman və ya tibbi vasitəni həkim təyinatı olmadan almağa heç əczaçılar da mane olmur. Əksər hallarda həkim təyinatı olmadan istədiyi dərmanı vermədiyinə görə onları qınayanlar da tapılır.
Əczaçılar təəssüflə qeyd edirlər ki, bəzən başqasının resepti ilə aptekə gələnlər də olur, bu isə qətiyyən düzgün deyil. Çünki sağlamlığa qovuşan birinin resepti başqasında əks təsirə səbəb ola bilər. Ona görə də mütləq şəkildə həkim müayinəsindən keçmək və fərdi reseptlə əczaxanalara üz tutmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Xumar Novruzova deyib: “Antibiotiklərdən lazımsız dərəcədə istifadə olunması nəticəsində həm virusa qalib gəlmək olmur, həm də immunitet aşağı düşür, disbakterioz yaranması baş verə bilər. Bundan başqa yerli-yersiz vitaminlərdən istifadə etmək də yolverilməzdir. Ehtiyac olmadığı təqdirdə vitaminlərin aşırı dərəcədə istifadəsi qaraciyərə toksiki təsir göstərir. Qida əlavələrini çıxmaq şərtilə bütün preparatların satışının reseptlə olması məsləhətdir”.
Həkim təyinatı və göstərişi olmadan istifadə edilən iynə-dərman bilinməyən digər xəstəliklərə düçar edə bilər. Xüsusilə də uşaqlar üçün kimdənsə eşidilən müalicəni etmək olmaz. Eyni zamanda, yanaşı xəstəlikləri olanlara da reseptsiz aptekə getmək tövsiyə olunmur.

Səhiyyə 2023-02-18 12:17:00