×
A
A
A
Sazlamalar

Aİ, ÜST və UNICEF Azərbaycanda immunizasiya sistemlərinin rəqəmsallaşdırılmasını dəstəkləyir

Bakı, 17 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin ekspertləri UNICEF ilə əməkdaşlıqda Azərbaycanda İmmunizasiya üzrə İnformasiya Sistemini (İİS) qiymətləndirmək üçün beş günlük missiya həyata keçirib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, missiya müddətində qeydiyyat və hesabatlılıq, rəqəmsal alətlər və tibbi personalın mövcud alətlər üzrə hazırlığı, xidmətlərin çatdırılması prosedurları, peyvənd təchizatı sistemi və monitorinq metodologiyaları daxil olmaqla, İİS-in idarə edilməsinin qiymətləndirilməsi həyata keçirilib. Ekspertlər Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri ilə görüşərək səhiyyə sisteminin gücləndirilməsi, peyvəndlərin əhatə dairəsinin yaxşılaşdırılması və elektron səhiyyə strategiyasının gücləndirilməsi üçün İİS-in əhəmiyyətini müzakirə ediblər. Missiya üzvləri əsas informasiya təminatçılarının məlumat və monitorinq sistemlərinə olan ehtiyaclarını və immunizasiya proqramının idarə edilməsinə olan tələbləri müəyyən etmək üçün Bakı və Quba şəhərlərindəki Respublika və regional Gigiyena və Epidemiologiya mərkəzlərinə və tibb müəssisələrinə səfər ediblər. Əməkdaşlıq imkanlarını müəyyən etmək üçün beynəlxalq tərəfdaşlarla görüşlər keçirilib.
Rutin immunizasiya üçün rəqəmsallaşdırma yolu ilə məlumatların toplanmasının təkmilləşdirilməsi daha yaxşı monitorinq, koordinasiya və sübuta əsaslanan planlaşdırma, o cümlədən qərar qəbulu üçün imkanlar yaradır. Eyni zamanda, immunizasiya üzrə rəqəmsal sistemin müasirləşdirilməsi tibb işçilərinə pasiyentlərə daha çox vaxt ayırmağa imkan verən inzibati vəzifələri azaltmağa kömək edir.
“İmmunlaşdırma proqramı haqqında etibarlı məlumat hər bir uşağın peyvənd olunmasının təminatı üçün vacibdir. İmmunizasiya üzrə informasiya sistemlərinin rəqəmsallaşdırılması tibb işçilərinə və qərar qəbul edənlərə daha operativ və dəqiq məlumat verməyə kömək edə bilər. Biz, immunizasiya informasiya sistemlərini təkmilləşdirmək üçün müvafiq sahələri müəyyən etmək və effektiv rəqəmsallaşmaya dair yol xəritəsi hazırlamaq üçün Azərbaycanda keçirdiyimiz məhsuldar və gərgin həftə üçün yerli qurumlara və səhiyyə işçilərinə təşəkkür edirik”, - ÜST-nin missiyasının rəhbəri Roberta Pastore bildirib.
Qiymətləndirmədən sonra missiya üzvləri ölkədə immunizasiya proqramının gücləndirilməsinə xidmət edəcək və məlumatların fəaliyyətə çevrilməsinə dəstək olacaq rutin immunizasiya informasiya sisteminin rəqəmsallaşdırılması üzrə yol xəritəsi hazırlayacaq.
Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və rutin immunlaşdırma proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən, Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç il müddətində COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Səhiyyə 2023-02-17 18:23:00