×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb

Bakı, 17 fevral, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bilgəh qəsəbəsindəki bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdəki 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyənləşdirilib. Oğurlanan əşyaların bir hissəsi dəstə üzvlərindən aşkarlanaraq götürülüb.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Maştağa qəsəbəsindəki əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev yaxalanıblar.
Faktlarla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Hadisə 2023-02-17 15:41:00