×
A
A
A
Sazlamalar

Şəkidə qədim xalçaçılıq ənənələrini yaşadanlar

Şəki, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xalçaçılıq Azərbaycanda çox qədim tarixə və zəngin ənənələrə malikdir. Bu sahə bütün dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub. Son dövrlər Azərbaycanda bu qədim el sənətinin inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalçaçılığın bütün dövrlərdə şəkililərin də həyatında və məişətində özünəməxsus yeri olub. Hazırda Şəkidə fəaliyyət göstərən və şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-də digər istehsal sahələri ilə yanaşı, xalçaçılığın inkişafı ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Xammal, yəni ipək sap çatışmazlığı səbəbindən bir müddət fəaliyyətini dayandıran xalça sexində 2020-ci ilin sentyabrından yenidən ipək xalça toxunmasına başlanılıb.


Gülnaz Nurəhmədova 2002-ci ildə müəssisənin nəzdində ayrıca ipək xalça sexi yaradıldıqdan sonra bu sahəyə rəhbərlik edir. Onun sözlərinə görə, ailəliklə xalçaçılıq sənəti ilə məşğul olurlar. Bu sənət onlara nəsildən keçib. O, xalçaçılar ailəsində doğulub, nənəsi də, anası da xalçaçı olublar. Gülnaz Nurəhmədova 30 ildən çoxdur ki, bu sənəti gənc qızlara, xanımlara öyrədir. Çalışır ki, xalçaçılıq sənəti yaşasın, daha da inkişaf etsin.
Hazırda sexdə 6 ədəd toxucu dəzgahı fəaliyyətdədir və 7 toxucu çalışır. Ötən müddət ərzində sexdə Şəki, Quba, Şirvan, Qarabağ və digər bölgələrə aid müxtəlif ölçülərdə 31 ipək xalça toxunub. Toxunmuş xalçaların ölçüləri 40x50, 100x150 və 100x164 santimetrdir. Yeni toxunan kiçik ölçülü suvenir xalçaların üzərində Qarabağın rəmzi olan xarıbülbül də əks olunub. Sexdə, həmçinin “Şəki xanlığı” mövzusunda müxtəlif ölçülü ipək xalçalar da toxunur.


Gülnaz Nurəhmədovanın sözlərinə görə, sexdə toxunan ipək xalçalar xaricdə toxunanlardan xeyli fərqlənir, sıxlığı çox yüksəkdir. Bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var. İpək sapdan xalça toxumaq çox vaxt aparır. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur. İpək saplar müəssisənin özündə istehsal olunur, boyaq-bəzək sexində rənglənir.


Hazırda sexdə çalışan toxucu xanımlar əvvəllər də burada işləyiblər, təcrübələri var. Samirə Məmmədova, Adilə Mustafayeva, Samilə Rzayeva, Vəfa Səfərova, Aygün Əhmədova və Səidə Məmmədkərimova uzun illərdir ki, xalça toxumaqla məşğuldur, öz peşələrinin mahir ustalarıdırlar.
İşçilərlə söhbət zamanı onlar xalqımızın bu qədim el sənətini yaşatdıqları üçün qürur duyduqlarını bildiriblər.

 

Regionlar 2023-02-17 13:15:59