×
A
A
A
Sazlamalar

“Alpin” komandası yeni bolidini ictimaiyyətə təqdim edib

Bakı, 17 fevral, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir. Komandalar yeni bolidlərini ictimaiyyətə təqdim edirlər. “Maklaren”, “Ferrari” və “Mercedes” komandalarından sonra “Alpin” də ənənəyə sadiq qalıb.
AZƏRTAC xəbər verir ki, Fransa təmsilçisi sürət həvəskarlarını yeni yarış avtomobili ilə tanış edib. Martın 5-də Bəhreyndə start götürəcək ilk Qran-Pridən etibarən “Alpin” “A523” indeksli bolidi ilə mübarizəyə qoşulacaq. Komanda ilk 3 yarışda titul sponsoru BWT şirkətinə dəstək məqsədilə çəhrayı rəngli boliddə mübarizə aparacaq.
Ötən mövsüm komanda 173 xalla Mühəndislər kubokunda dördüncü yeri tutub. İkiqat dünya çempionu Fernando Alonsonun “Aston Martin”ə keçidindən sonra bu ildən Fransa komandasının uğurları üçün iki yerli pilot Pyer Qasli ilə Esteban Okon mübarizə aparacaq.

İdman 2023-02-17 12:42:00