Xərçənglə mübarizə üsullarından biri insan papilloma virusuna qarşı vaksinasiyanın təbliğidir
Bakı, 17 fevral, AZƏRTAC
Statistika hər il dünya əhalisinin hər beş nəfərindən birinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini göstərir. Hər 8 kişidən və hər 11 qadından biri xərçənglə xəstələnir. Ölüm göstəricilərinə görə, həmin xəstəlik ikinci yerdədir. Ən geniş yayılmış növlərindən biri isə süd vəzi xərçəngidir. 2020-ci ilə qədər xəstələnmə göstəricisi üzrə birinci yerdə ağciyər xərçəngi idisə, süd vəzi xərçəngi onu üstələyib. Lakin xəstələnmə göstəriciləri ayrı-ayrı ölkələrdə, hətta eyni ölkənin daxilində də fərqlidir. Həmçinin regionların inkişaf səviyyəsindən və zərərli peşə faktorlarından asılı olaraq, xərçənglə xəstələnmə yaş qruplarına, xəstəliyin növlərinə və intensivliyinə görə də müxtəlifdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, dosent Nigar Mehdiyeva deyib.
Pediatrik onkologiyaya diqqət çəkən N.Mehdiyeva qeyd edib ki, ildə təqribən 400 min uşaq həmin xəstəlikdən həyatını itirir. Xəstələnmə intensivliyinin müxtəlif olmasına baxmayaraq, ən yüksək ölüm göstəricilərinin təqribən 70-72 faizi aşağı və orta inkişaf etmiş ölkələrin payına düşür. Onun sözlərinə görə, bu göstərici süd vəzi, kolorektal, qaraciyər, ağız boşluğu, dəri və prostat, eləcə də uşaqlıq boynu və ginekoloji xərçəngə aiddir: “Bəzən inkişaf etmiş ölkələrdə xəstələnmə göstəriciləri daha yüksək olur. Lakin həmin ölkələrdə onkoloji xəstəliklərdən ölüm göstəriciləri inkişaf etməmiş, az inkişaf etmiş ölkələrə nisbətən qat-qat aşağıdır. Bu da ona dəlalət edir ki, xərçəng xəstələrinin sağalmasında maarifləndirmənin, erkən diaqnostika və düzgün müalicə taktikasının çox böyük əhəmiyyəti var. Birincili profilaktika adlandırılan ilkin profilaktika xərçəng əmələ gətirən amillərlə mübarizədir. Buna böyük dövlət proqramları yönəldilib. Ölkəmizdə də böyük kampaniyalar aparılır. Ən məşhur kampaniya tütün əleyhinə olandır. Dövlətin bu cür kampaniyaları diqqətdə saxlaması, qapalı məkanlarda siqaret çəkmək qadağası və siqaret çəkən şəxslər üçün məhdud sahələrin ayrılması da xərçənglə mübarizə vasitələridir. Effektiv mübarizə üsullarından biri də insan papilloma virusuna qarşı vaksinasiyanın təbliğidir ki, bəşəriyyətin bu istiqamətdə çox böyük müsbət təcrübəsi var. Keçən əsrin ortalarında beş Avropa ölkəsində məcburi vaksinasiya, skrininq həyata keçiriləndən sonra uşaqlıq boynu xərçəngi ilə xəstələnmə göstəriciləri bir neçə dəfə azalıb. Bu onu göstərir ki, erkən diaqnostika, yəni xəstəliyin əmələ gəlməsinin qarşısını əvvəlcədən almaq çox vacib bir məsələdir. Məlumdur ki, insan papilloma virusu uşaqlıq boynu xərçəngini əmələ gətirən əsas faktordur. Ümumiyyətlə, birincili profilaktika dedikdə, düzgün həyat tərzi və qidalanma, zərərli vərdişlərdən mümkün qədər uzaq durmaq istiqamətində aparılan təbliğat nəzərdə tutulur. Otuz faizdən çox xərçəng riski, xüsusən də mədə-bağırsaq, süd vəzi, qaraciyər xərçəngi məhz qidalanma amili ilə əlaqədardır”.
Mütəxəssisin sözlərinə görə, ikincili profilaktika və skrininq proqramları isə bilavasitə dövlət tərəfindən təşkil olunur və tibb müəssisələrində mütəxəssislər tərəfindən aparılır. Burada qarşıya qoyulan əsas məqsəd xərçəngin erkən, yəni tamamilə müalicə olunub sağalması mümkün olan dövrdə aşkarlanmasıdır: “İstənilən simptomu aşkar etdikdə, özünümüalicə ilə məşğul olmamaq, dərhal mütəxəssisə müraciət etmək vacibdir. Kliniki təsnifat və proqnozlaşmaya baxsaq görəcəyik ki, xərçəngin hər hansı növündə, hətta birinci mərhələdə beş illik yaşama göstəriciləri 90 faizə qədərdir”.
Üçüncülü profilaktikanın ağrılı proses olduğunu söyləyən onkoloq bildirib ki, xəstəliyin qarşısını almaq, xəstədən əlimizi üzəndən sonra onu müalicə etməkdən daha rahatdır. Həmin mərhələ xərçəng diaqnozu qoyulmuş və müalicə almış xəstələrdə xəstəliyin qayıdışının vaxtında aşkar edilməsi və müalicəsidir.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 doza vaksin vurulub
İyunun 9-da Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
Uşaqların nitqində gecikmə varsa, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır
“Şəfa vermək” adı altında casus ovu
Mütəxəssis: Elektron siqaretlər insan sağlamlığına mənfi təsir göstərir