×
A
A
A
Sazlamalar

Dünya Hökumət Sammitində “ASAN xidmət”lə bağlı müzakirələr aparılıb

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 10-cu Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dünya İnnovasiyalar Şəbəkəsinin (TWIN Global) həmtəsisçisi və rəhbəri Robert Volkotla keçirilən görüş zamanı xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb və əməkdaşlığa dair ilkin razılıq əldə olunub.
Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə keçirilən görüşdə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrasının uğurla davam etdiyi vurğulanıb. Memorandumun implementasiyası çərçivəsində Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi, müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində görülən işlərdən söz açılıb.
Həmçinin Dövlət Agentliyinin nümayəndəsi tədbir çərçivəsində “Dövlət xidmətləri” mövzusuna həsr edilmiş xüsusi sessiyada çıxış edib. Dövlət xidmətlərinin və xidmət mərkəzlərinin gələcəyinin dizayn edilməsi istiqamətində aparılan müzakirələr zamanı Dövlət Agentliyi tərəfindən ötən illər ərzində bu xüsusda görülmüş işlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və planlaşdırılan layihələr barədə sessiya iştirakçıları məlumatlandırılıblar.

Sosial 2023-02-17 10:51:00