×
A
A
A
Sazlamalar

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası olub

Bakı, 17 fevral, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn islahatların ötən il də davam etdirildiyi, həmçinin əməkhaqqı islahatlarının ardıcıl xarakter aldığı diqqətə çatdırılıb.
Aparılan islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərinə müsbət təsiri qeyd olunub. 2022-ci il üzrə Fəaliyyət Planı əsasında işçi qrup tərəfindən məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb.
İclasda işçi qrupun 2022-ci il üzrə Fəaliyyət Planının icra hesabatı təqdim edilib, bu il üzrə nəzərdə tutulmuş tədbirlər müzakirə olunub. Əlverişli Biznes Mühiti Hesabatının “İşçi Qüvvəsi” indikatoru üzrə təsdiq edilmiş Yol Xəritəsinə dair görülmüş işlər diqqətə çatdırılıb.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən əmək bazarına dair aparılmış tədqiqatın nəticələri təqdim edilib.

Sosial 2023-02-17 10:15:00