×
A
A
A
Sazlamalar

Fizioterapevt: Hamiləlik dövründə pilatesin faydaları əvəzolunmazdır

Bakı, 16 fevral, AZƏRTAC

Hamiləlik dövründə gələcək analar fizioloji və anatomik dəyişikliklərlə üzləşir. Bu dövrü daha rahat, sağlam, ağrısız və xoş əhvali-ruhiyyə ilə keçirmək üçün hamiləlik dövründə klinik pilatesin rolu əvəzolunmazdır.
AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov məlumat verib.
Onun sözlərinə görə, pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qismində möhkəm bir skelet yaratmaqdır. Hamilə qadınlarda klinik pilatesin onurğanı sabit tutma qabiliyyətini artırdığını deyən fizioterapevt: “Pilates çanaq dibi əzələlərini gücləndirən, qaməti düzəldən ideal məşq növüdür. Adi pilatesdə ağırlıq mərkəzi qarın bölgəsinə düşürsə, hamiləlik dövründə edilən pilatesdə isə çanaq bölgəsinə düşür. Hamiləliyin daha sağlam keçməsi, onurğa sütununa düşən yükü və ağrıları azaltmaq üçün, ayaqdakı şişkinliklərin qarşısının alınması, doğuşun rahat keçməsi, artan bədən kütləsinin azalması üçün hamiləliyin 12-ci həftəsindən başlayaraq pilateslə məşğul olmaq tövsiyə olunur. Hamiləlik dövründə edilən pilates məşqləri gələcək ana namizədinin sağlamlığının artması və əzələlərinin güclənməsinə, bədən quruluşunun qorunmasına, ruh yüksəkliyinə, enerjisinin artması və normal yuxu rejiminin təmin edilməsinə, psixoloji gərginlikdən qurtulmaq ilə yanaşı bağırsaq funksiyalarını tənzimləməyə də kömək edir. Qadınlar hamiləlik dövründə müntəzəm pilateslə məşğul olmaqla körpələri və özləri üçün ən yaxşı fiziki, emosional inkişafa nail ola bilərlər. Hamilələrin pilatesi fizioterapeft müşayiəti ilə etmələri məsləhətlidir. Əks təqdirdə, xəsarətalma halları yarana bilər", - deyə fizioterapevt əlavə edib.

 

 

 

 

 

Səhiyyə 2023-02-16 16:22:00