×
A
A
A
Sazlamalar

Qaradağlı faciəsinin şahidi: Məni xəndəyə yumalanmağım xilas etdi...

Bakı, 16 fevral, AZƏRTAC

1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsi Qarabağ müharibəsinin ən kədərli və unudulmaz hadisələrindən biridir. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanlarından birinə çevrilib.
Həmin faciənin şahidlərindən biri, elektrik montyoru Vidadi Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı 31 il əvvəl baş verən qanlı hadisələri xatırlayıb: “Qaradağlı Kəndxurd, Müşkabad, Cəmiyyət, Dağarza, Barabatun, Ağkənd, Qarakənd, Qeşi kəndləri ilə dörd tərəfdən əhatə olunmuşdu. Hələ Qaradağlı faciəsindən xeyli əvvəl kəndimizin başı müsibətlər çəkmişdi. Ermənilər kəndimizdə Xandəmir Hüseynovun qızına Bakıdan cehiz gətirən yük avtomobilinin qabağını kəsib maşında olan hər üç nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Ağcabədiyə yas yerinə gedən PAZ avtobusunu güllə yağışına tutmuşdular, hadisə nəticəsində 7 nəfər şəhid olmuş, xeyli sakin yaralanmışdı. Bundan sonra maşında yol gedərkən kolxoz sədri Soltan Bayramovu qətlə yetirmişdilər. Mal fermasında altı nəfəri bir-birinə bağlayıb od vurub yandırmışdılar. 1991-ci ilin noyabrında dayı ilə bacıoğlunu aparıb güllələyəndən sonra ağaca bağlamışdılar. Kövşəndə qoyun otardığı yerdə təxminən 80 yaşı olan çoban Qasım Əliyevi güllə ilə vurub qətlə yetirmişdilər.
Hələ fevralın 12-13-dən başlayaraq ermənilər aramsız olaraq kəndimizi atəşə tuturdular. Həmin günlərdə kəndimizin yaxınlığına ərzaq yüklü sonuncu helikopter gəldi, lakin ermənilər ətrafı elə atəşə tutdular ki, sakinlərdən heç kimi helikopterlə yola sala bilmədik. Həmin günlərdə kənddə 118 nəfər sakin qalmışdı, bu qədər canlı qüvvənin özünü müdafiə üçün cəmi 50-yə yaxın avtomat, 1 mərmiatan və onun çəmi iki mərmisi var idi, digər silah-sursat da tükənmək üzrə idi. Dəfələrlə haray çəkib kömək istəsək də, heç bir kömək göstərilmədi”.
O, fevralın 16-da hər tərəfdən ermənilər tərəfindən mühasirəyə alınmış kənddə qalanların qeyri-bərabər döyüşdə mübarizə apardığını deyir: “Silahımız çox az idi, hətta kəndin müdafiəçilərinin çoxunda olan silah ov və tir tüfəngi idi. Buna baxmayaraq, fevralın 12-dən 17-dək 30-dan çox erməni öldürmüşdük, kənddən isə 9 şəhid vermişdik. Məktəb direktoru Nobil Zeynalov, polis işçisi Xanalı Hüseynov və kənd sakini Altay Həsənov həmin günlərdə gedən ilk döyüşdə şəhid oldular. Kənddə bir neçə yaşlı qadın da qalmışdı. Bizim evimizdə anam Mirvari Hüseynova ilə bir yerdə Zivər xala qalırdı, ermənilər onun barmağını kəsib üzüyünü götürəndən sonra qətlə yetirmişdilər. Quldur silahlı birləşmələri yalnız dörd gün davam edən ağır döyüşlərdən sonra kəndə daxil ola bildilər. Fevralın 18-də biz idarədə olanda 15-20 erməninin kənddəki binalardan birinə girdiyini gördük. Sərrast mərmiatan atəşi ilə onların girdiyi binanı vurub yerlə yeksan etdik. Ermənilər də bizim olduğumuz binanı vururdular, qətiyyən çölə çıxmağa imkan vermirdilər. Kənd sakinlərindən Arif Məhərrəmovun bayıra çıxmağı ilə vurulmağı bir oldu, polis işçisi Əliqismət Kərimov, Manaf Dadaşov və başqa 7-8 nəfər yaralandı. Sursatımız demək olar ki, qalmamışdı. Onlar müqavimətin zəiflədiyini görüb bizi mühasirəyə alaraq hamılıqla təslim olmağı tələb edirdilər. Sonra ermənilər üstü çadırlı “Ural” markalı maşın gətirib bizi, ZİL maşınına isə qadınları və qocaları yığdılar. Onlar maşına minməmişdən əvvəl sürücü Eldar Dadaşovu tapança ilə vurub öldürdülər. Sonra hamımızı maşına yığıb Xankəndinə doğru aparmağa başladılar. Haradasa 2-3 kilometr gedəndən sonra “Bəylik bağı” deyilən yerdə maşını saxladılar və on nəfərin maşından düşməsini tələb etdilər. Əli silahlı saqqallı ermənilər maşından yerə düşən kimi həmkəndlimiz Telman Tağıyev cibində saxladığı qumbaranı onların üstünə atdı. Ermənilər dərhal avtomatlardan bizi nişan alıb atmağa başladılar. Atəşdən yayınmaq üçün yumalanaraq yolun kənarındakı xəndəyə düşdüm, özümü toplayıb xəndəyin içi ilə sürünə-sürünə hadisə yerindən bir qədər aralandım. Əynimdə boz rəngli əsgər paltarı var idi və kolların arasında olduğumdan görünür ki, ermənilər məni gözdən qoymuşdular”.
Xeyli müddət həmin xəndəyin içində böyürtkən kolunun altında qalan Vidadi Hüseynov bir də gözünü onda açıb ki, ətrafda heç kim yoxdur: “Hava qaralanda xəndəkdən çıxıb yaxınlıqdakı tut ağacının dibinə çöküb ətrafda nə baş verdiyini anlamağa çalışdım. Bir az aralıda ermənilərin kəndin mal-qarasını qabaqlarına qatıb apardıqlarını gördüm. Başa düşdüm ki, daha kəndə qayıtmağın mənası yoxdur. Qərara gəldim ki, Ağdamın Abdal-Gülablı kəndinə tərəf istiqamət götürüm. Meşədə ağacların, kolların arasında gizlənə-gizlənə bir neçə dəfə erməni quldurları ilə rastlaşsam da, məni görmədilər. Çox böyük məhrumiyyətlə səhərə yaxın gəlib Abdal-Gülablı kəndinə çatdım”.
Vidadi Hüseynov sonradan öyrənib ki, “Bəylik bəyi” deyilən yerdə maşını saxlayıb 36 nəfər kənd sakinini vəhşicəsinə qətlə yetirdikdən sonra ekskavatorla yeri qazıb öldürülənlərin hamısının meyitini orada basdırıblar. Bundan sonra poçt müdiri Həbib Hüseynovu, Cəmiyyət kəndində baytar Zahid Xəlilovu güllələyiblər, iki nəfərin başını kəsiblər. Girov aparılanlardan 7 nəfərini isə əsirlikdə işgəncə verərək döyüb öldürmüşdülər. Erməni qəddarlığı nəticəsində kənddə 146 uşaq yetim qalmışdı.
Həmsöhbətimizin verdiyi məlumata görə, girovlar arasında onun anası Mirvari, qardaşı İlqar, əmiləri Şura və Şahmurad, əmisi nəvəsi Əbülfət də olub. Əmiləri həbsxanada olarkən qətlə yetirilib, əmisi nəvəsi isə itkin düşüb. Ermənilərin əsir apardığı sakinlərdən təxminən 30 nəfərə geri qayıtmaq nəsib olub...

Sosial 2023-02-16 12:34:00