×
A
A
A
Sazlamalar

Ötən ay "Yeni Klinika"ya icbari tibbi sığorta ilə müraciət edənlərin sayı 10 mini keçib

Bakı, 16 fevral, AZƏRTAC

Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində 10 min 505 nəfər ambulator tibbi xidmət üçün müraciət edib.
AZƏRTAC “Yeni Klinika”nın rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, 2023-cü ilin yanvar ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığorta üzrə stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 284, əməliyyat olunan pasiyentlərin sayı isə 300 nəfər təşkil edib.
Tibb müəssisəsinə müraciət edən vətəndaşlara isə ümumilikdə 52 min 443 ambulator tibbi xidmət göstərilib.
Qeyd edilib ki, “Yeni Klinika” tibb müəssisəsində 2022-ci il iyunun 6-dan etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir.
Poliklinikada, eyni zamanda, Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Neyrocərrahiyyə, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

Səhiyyə 2023-02-16 10:47:00