×
A
A
A
Sazlamalar

Üç Formula 1 komandası yeni bolidini ictimaiyyətə təqdim edib

Bakı, 15 fevral, AZƏRTAC

Yeni mövsümə hazırlığı davam etdirən Formula 1 komandaları bolidlərini ictimaiyyətə təqdim edirlər.
AZƏRTAC xəbər verir ki, ötən mövsüm Mühəndislər kuboku yarışlarında doqquzuncu yeri tutan “Uilyams” sürət həvəskarlarını yeni “FW45” bolidi ilə tanış edib. Yeni mövsümdən bu komandanın uğurları üçün britaniyalı Aleksander Albon və amerikalı Loqan Sarcent mübarizə aparacaqlar.
Ötən ili beşinci sırada başa vuran “Maklaren” isə yeni ildə daha iddialı çıxış etmək istəyir. Mövsümlərarası fasilə dövründə Daniel Rikkiardonun “Red Bull”a qayıdışından sonra Britaniya komandası daha bir avstraliyalı pilot Oskar Piastri ilə anlaşıb. Təbii ki, komandanın əsas pilotu isə Lando Norris olacaq. Yeri gəlmişkən, “Maklaren” də “Uilyams” kimi bolidini təqdim edib. Bu dəfə Böyük Britaniya komandası “MCL60” indeksli yarış avtomobili ilə mübarizə aparacaq.
“Aston Martin”in yeni bolidi isə “AMR23” adlanacaq. Ötən mövsümü yeddinci sırada başa vuran Böyük Britaniyanı təmsil edən komanda ictimaiyyəti yarış maşını ilə tanış edib. Bu mövsüm “Aston Martin” kanadalı Lens Strolla ispaniyalı ikiqat dünya çempionu Fernando Alonsoya güvənəcək.
Xatırladaq ki, dördqat dünya çempionu Sebastyan Fettelin karyerasını bitirməsindən sonra “Aston Martin” “Alpin”də çıxış edən Fernando Alonsoya dəvət göndərib.

Formula-1 2023-02-15 12:48:00