×
A
A
A
Sazlamalar

Turizm sahəsində qrantların verilməsi qaydası dəyişib

Bakı, 14 fevral, AZƏRTAC

“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant ala biləcək şəxslərin dairəsi dəqiqləşdirilib. Bundan əlavə olaraq 3-cü şəxslərin adından etibarnamə əsasında qrant alınması üçün müraciət zamanı etibarnamələrin notarial təsdiq edilməsi tələb ediləcək. Həmçinin artıq layihə təkliflərinə layihənin icra planı və xərclər smetasından əlavə digər hər-hansı sənədin əlavə edilməsi tələb olunmayacaq.
AZƏRTAC xəbər verir ki, qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğin donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci bəndi və ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməsini istisna edən 5.6-cı bəndi ləğv edilib. Artıq bu məsələlər qaydanın 5.2-ci bəndinə edilən dəyişikliyə əsasən Donor və Resipiyent arasında bağlanılan müqavilə ilə tənzimlənəcək.
“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na edilən dəyişikliklə, həmçinin apellyasiya şikayətlərinin verilməsi müddəti də uzadılıb. Bununla bağlı olan 4.12-ci bənd dəyişdirilərək müraciət müddəti 10 gündən 10 iş gününə qaldırılıb.

Turizm 2023-02-14 16:20:00