Pensiya islahatı sahəsindəki yeniliklər yaşlı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib
Bakı, 14 fevral, AZƏRTAC
Sosial dövlət kimi tanınan Azərbaycanda həyata keçirilən islahatların mərkəzində vətəndaş və onun maddi rifahı dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının mühüm istiqamətlərindən olan sosial sahə bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verərək çevik və çoxşaxəli fəaliyyət əsasında davam etdirilir. Bu mənada son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar qısa zamanda sosial dövlət quruculuğunun da uğurla həyata keçirilməsini təmin edib.
Bu il dövlət büdcəsinin sosialyönümlü xərclərinə ötən illə müqayisədə 9,2 faiz çox vəsait ayrılması nəzərdə tutulub. Bu, o deməkdir ki, həyata keçirilən dövlət siyasətində hər gələn il üçün sosial sahə prioritet olaraq qalmaqdadır.
Müstəqilliyimizin ilk illərindən başlayaraq ümumi mülkiyyətdən xüsusi mülkiyyətə, bazar iqtisadiyyatına keçidə baxmayaraq, müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyev daim çıxışlarında yeni iqtisadi sistemin sosialyönümlü olmasını xüsusi vurğulayırdı. Həmin dövrdən müəyyənləşmiş və sağlam təməllər üzərində formalaşmış dövlətimizin sosial siyasəti bu gün də xalqımızın rifahını durmadan artmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Bu mənada Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə daha sürətlə inkişaf edib, sosial-siyasi və sosial-iqtisadi sahədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərək beynəlxalq sistemin vacib amilinə və bölgəmizin aparıcı qüvvəsinə və lider dövlətinə çevrilib.
Təqdirəlayiq haldır ki, son on ildə ölkə başçısının imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoyub. Ölkəmizin iqtisadiyyatının həcmi 3,6 dəfə böyüyüb və hər vətəndaşa düşən nominal ümumi daxili məhsul orta hesabla hər beş ildən bir iki dəfədən çox artıb. Bunun nəticəsi olaraq, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr sırasında yer alıb. Eyni zamanda, həmin təşkilatların hesabatlarında Azərbaycan MDB ölkələri arasında son 5 ildəki birinciliyini qoruyub saxlayıb. Həmçinin makroiqtisadi mühit göstəricisi üzrə də ölkəmiz dünyada 8-ci, ümumi milli yığımın ümumi daxili məhsula nisbətinə görə 10-cu, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə isə 13-cü yerdə qərarlaşıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır: “Son beş ildə ölkəmizdə ardıcıl və genişmiqyaslı sosial islahatlar nəticəsində həmin istiqamətdə 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatı sahəsində də ciddi irəliləyişlərə nail olunub. İcra olunan hər bir sosial islahat paketində minimum pensiya artımı təmin edilib. Növbəti artım olaraq yeni sosial islahat paketi çərçivəsində dövlət başçısının təsdiq etdiyi yeni qanunla minimum pensiya 2023-cü il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, həmin tarixdən sonra pensiyaya çıxanlara təyin edilən pensiyanın minimum məbləği 240 deyil, 280 manat təşkil edib. Atılan həmin addımlar nəticəsində hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyib. Beləliklə, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Ümumilikdə isə pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və başqalarına isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib”.
M.İbrahimqızının sözlərinə görə, bu ilin əvvəlindən həmin maddi yardımlar pensiyaların tərkibinə daxil edilməklə artırılıb. Həmin artım edildikdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il yanvarın 1-dək təyin edilmiş pensiyalar 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb. Yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsinə başlanılıb. Bununla da bu il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirmə əsasında artımı təmin olunub.
2018-2023-cü illərdə DSMF-nin gəlir və xərclərində 70 faiz artım olub
Qəhvəyi mərmər bağacığına qarşı kompleks tədbirlər davam etdirilir
Lənkəranda keçirilən əmək yarmarkasında 900-dən çox vakansiya təqdim edilib