×
A
A
A
Sazlamalar

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Bakı, 13 fevral, AZƏRTAC

Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və Oxfam GB xeyriyyə təşkilatına təqdim olunub.
Avstraliyanın Brisben və Gold Cost şəhərlərində isə Türkiyədəki zəlzələ qurbanlarının anım mərasimləri keçirilib. Kvinslenddə Azərbaycan Milli Assosiasiyasından bildirilib ki, anım mərasimlərində ştatın hökumət başçısı, müxalifət lideri, şəhərlərin merləri, yerli ictimaiyyətin, türk və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.
Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub. Mərasimlərin təşkilatçısı – Türkiyənin Kvislenddəki fəxri konsulu Turqut Menli çıxış edərək, dağıdıcı təbii fəlakətin və itkilərin miqyasına diqqəti cəlb edib. Bu ağır günlərdə Türkiyənin yanında olan dövlətlərə və xalqlara, tədbirlərdə iştirak edən Azərbaycan və Şimali Kipr icmalarına minnətdarlığını bildirib.
Nəzərə çatdırıb ki, Gold Cost şəhərində Berra Sezginin təşkilatçılığı ilə türk və Azərbaycan icmaları tərəfindən 5000 dollar pul toplanaraq dərhal zəlzələ bölgəsinə göndərilib. “Mən Berra Sezginə və onu bu kampaniyada dəstəkləyən azərbaycanlı qardaşlarıma da təşəkkür etmək istəyirəm”, - deyə Turqut Menli vurğulayıb.

Diaspor 2023-02-13 19:28:00