×
A
A
A
Sazlamalar

Nevropatoloq: Hər xəstəlikdə olduğu kimi, insultun müalicəsində də ilkin müdaxilə vacibdir

Bakı, 13 fevral, AZƏRTAC

İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində baş-beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur və kliniki, laborator, tomoqrafik müayinələrin nəticələri əsasında diaqnoz qoyulur. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında qəfil zəiflik, üz sinirinin birtərəfli iflici (parezi), halsızlıq, əzələ gücünün itməsi və ya enməsi, müvazinət pozulmaları, şüurun bulanıq olması, nitq və görmə problemləri, başgicəllənmə ilə təzahür edir.
AZƏRTAC Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin Poliklinika şöbəsinin nevropatoloqu Xəyalə Əliyeva deyib.
Onun sözlərinə görə, insult işemik və hemorragik xarakter daşıya bilər. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn növdür. Bu sindrom 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunur. Qanaxma tipli insult isə qəfil yaranır və başın yanlara dönməsi zamanı ürəkbulanma və qusma halları müşahidə edilir. Kəskin və şiddətli başağrıları, başda isinmə hissi və yanma ilkin simptomlar arasındadır. Hemorragik insult beyindəki qan damarından beyinə qan sızdıqda meydana gəlir. Xəstəliyin rast gəlinmə faizi işemik insultdan daha azdır. Lakin buna baxmayaraq, insult nəticəsində ölümlərin 30 faizi bu növdən qaynaqlanır.
Həkim qeyd edib ki, müalicə orqanizmin həyat fəaliyyətinin təminindən, ürək, tənəffüs və metabolik problemlərin korreksiyasından, serebral ödemlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından və reabilitasiyadan ibarətdir. Hər xəstəlikdə olduğu kimi, insultun müalicəsində də ilkin müdaxilə vacibdir.

Səhiyyə 2023-02-13 16:41:00