×
A
A
A
Sazlamalar

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib

Bakı, 13 fevral, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Bu gün ölkəmiz, eyni zamanda, qaz ixracatçısı kimi də nüfuz qazanır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyev deyib.
O qeyd edib ki, fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Prezident İlham Əliyev yeni elektrik stansiyasının Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.
Azərbaycan yaxın zamanlarda yalnız neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi də tanınacaq.
Enerji amili, enerji diplomatiyası və bütün layihələr iqtisadi potensialımızı gücləndirməklə yanaşı, imkan yaradır ki, neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin.
Memar, həmçinin vurğulayıb ki, hazırkı dövrün əsas tələbləri sırasında bərpa olunan enerji növlərinə investisiyaların yatırılması mühüm yer tutur. Qitə dövlətlərinin enerji təchizatında ölkəmizin rolu əvəzedilməzdir. Bu baxımdan, Azərbaycan qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş kimi dəyərləndirilir.
T. Əliyev onu da diqqətə çatdırıb ki, bu gün Avropa üçün Azərbaycan enerjisi bir ümid yeridir. Avropa digər sahələrdə olduğu kimi enerji sahəsində də Azərbaycanla geniş əməkdaşlıq edir.
Bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 faizə çatdırılacağı öz əksini tapıb.
Energetika sektorunda tənzimləmə mühiti təkmilləşdirilir, bərpa olunan enerji mənbələrindən istifadə artırılır. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndirilir.

Tikinti̇ 2023-02-13 15:45:00