×
A
A
A
Sazlamalar

Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri davam edir VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 3,8 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni 8-16 metr olmaqla dəyişir.
Məlumata əsasən, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Bundan başqa, “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür, yeni yol əsası inşa edilir və yeni asfalt örtüyü döşənir.
Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilir, yararsız səki daşlarının və drenaj xətlərinin yenilənməsi işləri aparılır.
İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.

Tikinti̇ 2023-02-13 15:42:00

Video