×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyində ÜST-nin nümayəndə heyəti ilə görüş olub

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, görüşdə Azərbaycan Respublikasının səhiyyə nazirinin Səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov və Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıblar. Qeyd olunub ki, uşaqların sağlamlığının qorunması dövlətin daim mərkəzindədir. İmmunlaşdırma proqramı peyvəndlərlə idarə olunan xəstəliklərin profilaktikasına istiqamətləndirilmiş və dövlət tərəfindən daima dəstəklənir.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaqlar qeyd ediblər ki, Missiyanın məqsədi Azərbaycanda immunizasiya tədbirlərinin planlaşdırılması, idarə olunması, həyata keçirilməsi, qeydiyyat və hesabatverməyə dair imkanların nəzərdən keçirilməsi, eyni zamanda, xarici ekspertlər tərəfindən qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində gələcək addımların müəyyən edilməsindən ibarətdir.
Qeyd edilib ki, ÜST-nin missiyasının işgüzar səfəri fevralın 17-dək davam edəcək. Missiya çərçivəsində ölkə, regional və yerli səviyyələrdə immunizasiya tədbirlərində iştirak edən müəssisələrə səfərlər nəzərdə tutulub.

Səhiyyə 2023-02-13 15:03:00