×
A
A
A
Sazlamalar

Xocalı faciəsinə qədər ermənilər xalqımıza qarşı çoxsaylı soyqırımları həyata keçiriblər

Bakı, 10 fevral, AZƏRTAC

Çar Rusiyanın və digər dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər. 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan onların hərtərəfli himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib. O bildirib ki, bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot vasitəsilə əlaqə qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsildi və yanvarın 2-dən isə şəhərə elektrik enerjisi verilmədi.
1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi, onların əhalisi köçürüldü, həmçinin 99 nəfər həlak oldu, 140 nəfər yaralandı. Ermənilər Xocalıya üç istiqamətdən hücum apardığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur oldu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Vurğulanıb ki, Xocalı soyqırımının dünyada tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. 1997-ci il fevralın 25-də Ümummilli Lider Heydər Əliyev “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. Ümummilli Liderin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı isə ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rol oynadı.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda “Ana harayı” abidəsinə ümumxalq yürüşü, faciəyə həsr olunmuş müxtəlif mərasimlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ölkəmizdə və xaricdə tədbirlər təşkil edilir.
“Ermənilər əsrin əvvəllərində olduğu kimi, I Qarabağ və Vətən müharibəsində də mülki əhaliyə qarşı terror siyasətini davam etdirdilər. 2020-ci ildə sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhəboyu əraziləri, mülki əhalini, sosial obyektləri ağır silahlardan atəşə tutdu, müxtəlif cinayətlər törətməyi davam etdirdilər. Bütün cinayət, terror, soyqırımı, vandalizm, müharibə cinayətləri və s. görə Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarixi abidələrimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsinin tələblərinə zidd hərəkətlər ediblər.
Bu gün ölkəmizdə və xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlı, müxtəlif sahələrdə araşdırma aparan tədqiqatçılar xarici mətbuatda, elm və təhsil mərkəzlərində Xocalı soyqırımı ilə bağlı çıxışlar etməli, müxtəlif dillərdə məqalələr dərc etdirməlidirlər. Dünyanın aparıcı universitetləri, elmi-tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri barədə birgə kitab və məqalələr yazmalı, haqq səsimizi dünyaya çatdırmaqla fəaliyyətimizi daha da genişləndirməliyik”,- deyə S.Talıblı vurğulayıb.

Elm və təhsil 2023-02-10 17:51:00