×
A
A
A
Sazlamalar

DİM Direktorlar Şurasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bakı, 8 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elmir Hüseynov və Mehriban Rəsulova ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Məleykə Abbaszadə qalibləri təbrik edib və onların mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün DİM tərəfindən lazımi şərait yaradılacağını bildirib.
Görüşdə qaliblər və Dövlət İmtahan Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək üçün fikir mübadiləsi aparılıb. M.Abbaszadə peşəkar mühasib sertifikatı imtahanları, onların məzmunu, sosial inkişafla bağlı müəyyən təlimlərin keçirilməsi, işsiz gənclərin təhsilə cəlb olunması və digər istiqamətlərdə ilkin layihə-təkliflərin hazırlanması üçün iştirakçılara müvafiq tapşırıqlar verib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri M.Abbaszadəyə səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

Elm və təhsil 2023-02-08 17:31:00