×
A
A
A
Sazlamalar

Lənkəran və Masallıda Türkiyəyə yardım aksiyası üçün xüsusi məntəqələr yaradılıb VİDEO

Lənkəran, 8 fevral, İlkin Adıyev, AZƏRTAC

Ən ağrılı günlərimizdə yanımızda olan qardaş Türkiyənin indi bizlərin dəstəyinə ehtiyacı var. Bunun üçün ölkənin hər yerində olduğu kimi, Lənkəran və Masallı sakinləri də zəlzələdən zərərçəkən qardaşlarımıza kömək üçün yardım aksiyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki rayonda yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Məntəqələr səhər saat 9-dan axşam saat 20-yə kimi fəaliyyət göstərəcək. Günün sonunda yardımlarla yüklənmiş avtomobillər Bakı şəhərinə, oradan da Türkiyəyə yola salınacaq.
Məntəqələrə toplanan əşyalar əsasən qış geyimləri, yorğan-döşək, quru yeməklərdir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 7108 nəfərə, yaralananların sayı 40 min 910 nəfərə çatıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyət rejimi tətbiq olunub. Axtarış-xilasetmə işləri davam edir.
Fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. Fevralın 6-dan indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı yola salınıb. O cümlədən Fövqəladə Hallar Nazirliyinin 700-dən çox şəxsi heyəti (34 nəfəri həkim) və xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid 7 konteyner, 4 səhra mətbəxi və digər humanitar yardım göndərilib.
Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Regionlar 2023-02-08 17:15:57

Video