×
A
A
A
Sazlamalar

Beynəlxalq Qış Hüquq Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar

Qəbələ, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC

ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı İctimai Birliyi) təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən “Müqavilə hüququ” mövzusunda 4-cü Beynəlxalq Qış Hüquq Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzlə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, Qış Məktəbində ELSA beynəlxalq təşkilat tərəfindən xüsusi müsabiqə əsasında seçilmiş Avstriya, Çexiya, Polşa, Belçika, Türkiyə, İsveçrə və Azərbaycandan olan 26 tələbə iştirak edir.
Layihə iştirakçıları əvvəlcə Qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qış Hüquq Məktəbinin iştirakçıları, həmçinin Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla da tanış olublar. Qonaqlara Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılan arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələri respublikamızda yeganə olan Qəbələ Arxeoloji Mərkəzindəki müasir laboratoriyada ətraflı tədqiq edilir, daha sonra sərgi salonlarında turistlər üçün nümayiş olunur.
Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirdə qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra qonaqlar “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmini izləyiblər.
Beynəlxalq Qış Hüquq Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.

 

Regionlar 2023-02-08 17:06:39